Azərbaycanda alüminium və ondan hazırlanan məhsulların ixracı artmaqda davam edir. Bu, həm məhsul həcminin, həm də ixrac gəlirlərinin yüksəlməsi ilə özünü göstərir.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, 2025-ci il ərzində Azərbaycandan 244 milyon 911 min dollar dəyərində 85,8 min ton alüminium ixrac edilib. 2024-cü illə müqayisədə ixrac dəyəri 47,7 milyon dollar və ya 24,2 faiz, həcmi isə 13,1 min ton və ya 18,1 faiz artıb. Bu, ölkənin xarici bazarlarda həm daha çox məhsul təqdim etdiyini, həm də satışdan daha yüksək gəlir əldə etdiyini göstərir.
İxracın dəyər baxımından miqdar baxımından daha sürətlə artması dünya bazarlarında alüminiumun qiymətinin yüksəlməsi və məhsul keyfiyyətinin yaxşılaşması ilə əlaqələndirilir. 2025-ci ildə 1 kiloqram alüminiumun orta ixrac qiyməti illik müqayisədə 5 faiz artaraq 4,85 manata çatıb.
Alüminium sənayesinin qeyri-neft ixracındakı payı da artmaqda davam edir. Belə ki, ümumi ixracdakı payı 0,74 faizdən 0,98 faizə, qeyri-neft ixracındakı payı isə 5,88 faizdən 6,75 faizə yüksəlib. Bu göstəricilər alüminium sektorunun ölkənin sənaye potensialında və ixrac strukturunda özünəməxsus yer tutduğunu təsdiqləyir.
2025-ci ilin statistikası göstərir ki, alüminium sənayesi beynəlxalq rəqabətə davamlıdır. İxrac həcminin 18 faiz, gəlirin isə 24 faiz artması bu sahənin həm kəmiyyət, həm də keyfiyyət göstəriciləri üzrə inkişaf etdiyini təsdiqləyir. G
Azərbaycanın alüminium ixracat coğrafiyası genişdir və bu məhsul həm yaxın qonşu ölkələrə, həm də uzaq Şərq və Avropa bazarlarına yönəlib. 2025-ci ilin statistik göstəriciləri və əvvəlki illərin tendensiyaları əsasında Azərbaycanın alüminiumunun ən çox ixrac edildiyi ölkələr aşağıdakılardır:
1. Türkiyə
Azərbaycanın alüminium ixracında Türkiyə lider mövqedədir. İxrac edilən ümumi həcmin təxminən 50-60 faizi Türkiyə bazarının payına düşür. Bu, həm logistika üstünlüyü, həm də Türkiyənin sənaye (avtomobil, tikinti) potensialı ilə bağlıdır.
2. Yaponiya
Son illərdə Azərbaycan alüminiumu üçün strateji tərəfdaşlardan birinə çevrilib. Yüksək keyfiyyətli alüminium məhsulları Yaponiya sənayesində, xüsusən texnoloji sahələrdə istifadə olunur.
3. Özbəkistan
Mərkəzi Asiya regionunda Azərbaycan alüminiumunun ən böyük alıcılarından biridir. Özbəkistanda sürətlə inkişaf edən tikinti və sənaye sektoru bu məhsula tələbatı artırır.
4. Avropa Birliyi ölkələri
Azərbaycanın alüminiumu Avropa bazarında da tələb olunur. Əsas istiqamətlər arasında Polşa, Almaniya, İspaniya və İtaliya xüsusi yer tutur.
5. Gürcüstan
Yerel tikinti sektorunda alüminium profillərin istifadəsi üçün Azərbaycandan müntəzəm məhsul idxal edir.
6. Çin
Çin həm xammal, həm də emal olunmuş məhsullar üçün potensial bazardır və son illərdə tədricən artan tələbat müşahidə olunur.
Azərbaycan xaricə alüminiumu iki formada çıxarır- İlkin (emal olunmamış) alüminium – külçə şəklində, əsasən Yaponiya və Avropa bazarlarına, Alüminium məmulatları – profillər, vərəqlər və müxtəlif konstruksiyalar, əsasən Türkiyə, Gürcüstan və Mərkəzi Asiya ölkələrinə.
Monetar.az