Böyük banklar qazanır, digərləri mövcudluq uğrunda mübarizə aparır

Böyük banklar qazanır, digərləri
16 İyul 2025 00:26

2025-ci ilin ilk yarısı üzrə Azərbaycan bank sektorunun maliyyə göstəriciləri açıqlanıb. Rəsmi məlumatlara görə, ölkədə fəaliyyət göstərən 22 bankın heç biri zərər etməyib, hamısı mənfəətlə işləyib. Lakin mənfəət bölgüsünə diqqət yetirdikdə bank sektorunda dərin uçurum və rəqabətsizliyi  açıq şəkildə görünür.

Siyahıya Azərbaycan Beynəlxalq Bankı (ABB) başçılıq edir – bankın xalis mənfəəti 155 milyon 472 min manat olub. Bu göstərici ikinci yerdə qərarlaşan PAŞA Bankın (91 milyon 585 min manat) nəticəsini belə xeyli geridə qoyur. Üçüncü pillədə isə Kapital Bank (53 milyon 967 min manat) qərarlaşıb.

Maraqlıdır ki, bu 3 bankın ümumi mənfəəti, siyahıda yer alan 19 bankın ümumi mənfəətinə yaxın həcmdədir. Bu isə sektor daxilində qeyri-bərabər gəlir paylaşımının bariz nümunəsidir. Faktiki olaraq, bazarın böyük hissəsi az sayda iri bankın nəzarətindədir.

Ən aşağı göstəricilər isə Turanbank (173 min manat), Bank Melli İran Bakı filialı (224 min manat) və Expressbank (298 min manat) kimi banklara aiddir.

Əldə olunan mənfəətin əksər hissəsinin az sayda bank tərəfindən toplanması rəqabətli bank mühitinin zəif olduğunu göstərir. Kiçik və orta banklar dayanıqlı gəlir mənbələri tapa bilmir, risklərə daha açıqdır və maliyyə cəhətdən iri banklarla rəqabət aparmaq gücündə deyillər. Bu isə maliyyə sistemində konsentrasiyanın artması, müştəri seçimlərinin məhdudlaşması, və innovasiyanın zəifləməsi deməkdir.

Rəqəmlər ümidverici görünə bilər, amma bank sektorunda gəlir bərabərsizliyi, şəffaflıq problemləri və kiçik bankların durumu hələ də ciddi narahatlıq doğurur. 

MONETAR.AZ


Oxşar xəbərlər