40-dan çox dövlət müəssisəsi gələn il büdcəyə 900 milyon manat dividend ödəyəcək

40-dan çox dövlət müəssisəsi gələn il büdcəyə

Gələn il Azərbaycanda 40-dan çox dövlət müəssisəsinin dövlət büdcəsinə təxminən 900 milyon manat dividend ödəməsi nəzərdə tutulur.

Monetar.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Bakıda keçirilən “Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ” adlı konfransda bildirib.

Nazirin sözlərinə görə, dövlət müəssisələrinin fəaliyyətinə nəzarət və dividend siyasəti ilə bağlı yaradılmış hesabatlılıq portalı bu ilin fevral-mart aylarında tam işlək vəziyyətə gətirilib. İndiyədək 1 113 müəssisə portalda qeydiyyatdan keçib və 11 434 hesabat təqdim edib.

Sahil Babayev qeyd edib ki, bu məlumatlar əsasında 2026-cı il üçün təxminən 950 dövlət şirkətinin təsdiqlənmiş büdcə hesabatları əldə edilib. Bundan əlavə, 885 müəssisə üzrə dividend proqnozları hazırlanıb.

Nazir bildirib ki, aparılan təhlillərin nəticəsində gələn il ilk dəfə 40-dan çox dövlət müəssisəsindən büdcəyə dividend ödənişləri nəzərdə tutulub.

Onun sözlərinə görə, növbəti illərdə dövlət büdcəsi və icmal büdcə hazırlanarkən dövlət şirkətləri ilə əməkdaşlıq davam etdiriləcək və bu istiqamətdə fəaliyyətin genişləndirilməsi hədəflənir.