ABŞ Maliyyə Nazirliyi İranla əlaqəli bir neçə kriptovalyuta cüzdanına qarşı sanksiyalar tətbiq edərək ümumilikdə 344 milyon dollar dəyərində aktivləri dondurub.
Məlumata görə,ABŞ Xəzinədarlıq Departamentinin tabeliyində fəaliyyət göstərən Xarici Aktivlərə Nəzarət İdarəsi bu addımı atıb. Nazir Scott Bessent X sosial şəbəkəsində (keçmiş Twitter) bildirib ki, bu qərar nəticəsində böyük həcmdə kriptovalyuta vəsaiti bloklanıb.
Bu addım ABŞ ilə İran arasında müharibənin dayandırılması istiqamətində aparılan zəif diplomatik səylərin dalana dirəndiyi bir vaxta təsadüf edir. Qeyri-sabit atəşkəs fonunda Vaşinqton Tehrana qarşı iqtisadi təzyiqi artırmağa davam edir. Dondurulan vəsaitin İranın mövqeyinə təsir edib-etməyəcəyi isə hələlik məlum deyil.
“Tehranın ölkədən çıxarmağa çalışdığı vəsaitləri izləyəcəyik və rejimlə əlaqəli bütün maliyyə kanallarını hədəf alacağıq”, — deyə Bessent vurğulayıb.
Chainalysis şirkətinin məlumatına əsasən, İranda kriptovalyuta aktivlərinin həcmi 2025-ci ildə 7,8 milyard dollara çatıb və bu göstərici əvvəlki illə müqayisədə daha sürətlə artıb.
Bundan əlavə, Tether şirkəti bildirib ki, ABŞ hökumətinin müraciəti əsasında iki ünvan üzrə 344 milyon dollar dəyərində kriptovalyutanın dondurulmasına dəstək verib. Şirkətin açıqlamasına görə, bu qərar “qanunsuz fəaliyyətlərlə bağlı məlumatların” bir neçə Amerika qurumu tərəfindən təqdim edilməsindən sonra qəbul olunub.
MONETAR.AZ