Hamısını bir yerə yığmaq təhlükəlidir: Pulu necə qorumalı?

Hamısını bir yerə yığmaq təhlükəlidir:

Maliyyə sabitliyi yalnız yüksək gəlir əldə etməkdən ibarət deyil; bu sabitlik eyni zamanda risklərin nə dərəcədə düzgün idarə olunmasından asılıdır. Bu baxımdan diversifikasiya, yəni vəsaitlərin müxtəlif istiqamətlər üzrə bölüşdürülməsi ən vacib yanaşmalardan biri hesab olunur. Düzgün tətbiq edildikdə bu prinsip həm yığımların qorunmasına, həm də uzunmüddətli maliyyə dayanıqlığının təmin olunmasına kömək edir.

Bütün vəsaiti bir yerdə saxlamaq maliyyə baxımından risklidir. Əgər yığımlar yalnız bir valyutada saxlanılarsa, həmin valyutanın dəyərdən düşməsi nəticəsində vəsaitin alıcılıq qabiliyyəti azalır. Eyni zamanda, bütün pulların bir bankda cəmlənməsi texniki problemlər və ya maliyyə çətinlikləri zamanı vəsaitə çıxışın məhdudlaşmasına səbəb ola bilər. Bundan əlavə, tənzimləyici qaydalarda baş verən dəyişikliklər və ya vergi siyasətində yeniliklər gəlirliliyə mənfi təsir göstərə bilər. İnflyasiya faktoru da nəzərə alınmalıdır, çünki zaman keçdikcə pulun real dəyəri azalır və bu, xüsusilə bir valyutada saxlanılan vəsaitlərdə daha qabarıq hiss olunur.

Valyuta üzrə diversifikasiya bu riskləri azaltmağın əsas yollarından biridir. Mütəxəssislər tövsiyə edir ki, insanlar gündəlik xərclərini hansı valyutada edirlərsə, həmin valyutada müəyyən ehtiyat saxlasınlar. Bununla yanaşı, ABŞ dolları və avro kimi daha sabit valyutalarda da vəsaitlərin bir hissəsinin yerləşdirilməsi məqsədəuyğundur. Multivalyuta hesablarından istifadə etmək və müxtəlif valyutalarda maliyyə alətlərinə yatırım etmək risklərin balanslaşdırılmasına kömək edir. Eyni zamanda, yüksək dəyişkənliyə malik və proqnozlaşdırılması çətin olan valyutalardan uzaq durmaq daha təhlükəsiz yanaşma hesab olunur.

Diversifikasiyanın digər mühüm istiqaməti vəsaitlərin müxtəlif banklar arasında bölüşdürülməsidir. Bu yanaşma bank sektorunda yarana biləcək problemlərin şəxsi maliyyəyə təsirini minimuma endirir. Müxtəlif banklarla işləmək fərqli maliyyə məhsullarından yararlanmağa imkan verir və vəsaitlərə çıxışın fasiləsizliyini təmin edir. Bu zaman diqqət edilməli əsas məqamlar arasında əmanətlərin sığorta limitlərini aşmamaq, eyni maliyyə qrupuna daxil banklarda vəsait toplamaqdan çəkinmək və mümkün olduqda müxtəlif ölkələrdə fəaliyyət göstərən banklardan istifadə etmək yer alır. Həmçinin, seçilən bankların onlayn idarəetmə və operativ çıxış imkanlarının olması da vacibdir.

Bir çox investor diversifikasiya prinsipini düzgün tətbiq etmədiyi üçün əlavə risklərlə üzləşir. Ən çox rast gəlinən səhvlərdən biri bütün vəsaitin bir aktivə yönəldilməsidir. Bundan başqa, komissiya xərclərinin və vergilərin nəzərə alınmaması, formal olaraq fərqli görünsə də eyni risklərə bağlı maliyyə alətlərinin seçilməsi və investisiya strategiyasının uzun müddət yenilənməməsi də ciddi problemlərə yol aça bilər.

MONETAR.AZ