Avropa İttifaqının 2028–2034-cü illər büdcəsinin endirilməsi təklif olunur

Avropa İttifaqının 2028–2034-cü illər büdcəsinin endirilməsi

Avropa İttifaqına (Aİ) sədrlik edən İrlandiya blokun 2028–2034-cü illər üzrə uzunmüddətli büdcəsinin 1,6 trilyon avroya qədər azaldılmasını təklif edib. Şənbə günü yayılan rəsmi bəyanata görə, bu təşəbbüs Aİ-yə üzv 27 dövlət arasında mürəkkəb və gərgin danışıqların başlanmasına zəmin yaradır.

Yeni təklif Avropa Komissiyasının 2025-ci ilin iyulunda təqdim etdiyi 2 trilyon avroluq, yeddiillik xərclər planı ilə müqayisədə əhəmiyyətli azalma deməkdir. İrlandiya sədrliyi ixtisarı 8% səviyyəsində qiymətləndirsə də, 1,6 trilyon avroluq büdcə Komissiyanın ilkin təklifindən nominal olaraq 20% aşağıdır.

İrlandiyanın təşəbbüsü Aİ-yə rotasiya qaydasında sədrlik edən Kiprin iyun ayında irəli sürdüyü kompromis təklifindən sonra gündəmə gəlib. Kiprin variantı xərclərin cəmi 2% azaldılmasını, kənd təsərrüfatı və regional inkişafa ayrılan dəstəyin artırılmasını, müdafiə və rəqabətqabiliyyətlilik üzrə xərclərin artımının isə məhdudlaşdırılmasını nəzərdə tuturdu.

Avropa Komissiyasının ilkin konsepsiyası ABŞ və Çinlə artan iqtisadi rəqabət şəraitində maliyyə resurslarının texnoloji rəqabətqabiliyyətlilik, təhlükəsizlik və müdafiə sahələrinə yönəldilməsinə əsaslanırdı.

Büdcə danışıqları xərclərin daha sərt şəkildə məhdudlaşdırılmasını istəyən ölkələrlə Aİ-nin yeni prioritetlərinə daha çox vəsait ayrılmasını dəstəkləyən dövlətlər arasında fikir ayrılıqlarını dərinləşdirib.

Niderland iyun ayında təqdim olunan kompromis variantını rədd edərək, maliyyə vəsaitlərinin gələcək çağırışlardan daha çox mövcud proqramlara yönəldildiyini bildirmişdi. Avropa Parlamentinin nümayəndələri də əvvəlki təklifi tənqid edərək, həm ənənəvi öhdəliklərin, həm də yeni prioritetlərin maliyyələşdirilməsi üçün büdcənin 10% artırılmasına çağırmışdılar.

Aİ-nin uzunmüddətli büdcəsi üzv ölkələrdə kənd təsərrüfatı subsidiyalarının, regional inkişafın, elmi tədqiqatların, infrastrukturun və digər proqramların maliyyələşdirilməsini təmin edir.

Yekun razılaşmanın əldə olunması üçün üzv dövlətlər həm ümumi xərclərin yuxarı həddi, həm də vəsaitlərin rəqabət aparan prioritetlər arasında bölüşdürülməsi məsələsində ortaq mövqeyə gəlməlidirlər.

Aİ liderləri dekabr ayına qədər büdcə ilə bağlı yekun razılığa gəlməyə çalışırlar. Bununla belə, ölkələr üzrə maliyyə ayırmaları və xərclərin prioritetləri ilə bağlı fikir ayrılıqları hələ də qalmaqdadır.

MONETAR.AZ