Avropa şirkətləri mənfəət artımına görə ABŞ biznesləri ilə aradakı fərqi əhəmiyyətli dərəcədə azaldır. Cari rübün maliyyə hesabatları üzrə proqnozlar reallaşarsa, Avropa şirkətlərinin mənfəət artımı son üç ildən artıq müddətdə ilk dəfə ABŞ göstəricisinə yaxınlaşacaq.
“Bloomberg”in məlumatına görə, MSCI Europe indeksinə daxil olan şirkətlərin 2026-cı ilin III rübündə mənfəətinin illik müqayisədə 23% artacağı gözlənilir. S&P 500 indeksində təmsil olunan şirkətlər üçün isə bu göstəricinin 24% olacağı proqnozlaşdırılır. Avropa şirkətləri sonuncu dəfə 2023-cü ilin I rübündə mənfəət artımına görə ABŞ şirkətlərini üstələmişdi.
ABŞ fond bazarında süni intellekt sektoruna dair ehtiyatlı yanaşma və yüksək qiymətləndirmələrlə bağlı narahatlıqlar fonunda Avropa səhmlərinə maraq artır. Stoxx Europe 600 indeksi oktyabr ayında iki rüblük geriləmədən sonra S&P 500 indeksindən daha yaxşı nəticə göstərməyə doğru irəliləyir.
“Leverage Shares” şirkətinin baş analitiki Violeta Todorovanın fikrincə, Avropa bazarı daha münasib qiymətləndirmələr, mənfəət göstəricilərinin yaxşılaşması və bir neçə iri texnologiya şirkətindən daha az asılı olması ilə seçilir.
Bu fərq indekslərin sektor strukturunda da aydın görünür. Texnologiya şirkətlərinin Stoxx Europe 600 indeksindəki payı təxminən 9% olduğu halda, S&P 500-də bu göstərici 38%-ə çatır.
Qiymətləndirmə baxımından da Avropa səhmləri ABŞ bazarına nisbətən daha ucuz hesab olunur. Stoxx 600 indeksi gözlənilən mənfəətin təxminən 14 misli səviyyəsində ticarət edilir. Bu göstərici fevral ayında qeydə alınmış 16 misillik zirvədən aşağıdır və uzunmüddətli orta səviyyəyə yaxındır. İyun ayından etibarən indeks S&P 500-ə nisbətən təxminən 25%-lik diskontla ticarət olunur.
Avropada bir sıra şirkətlərin müsbət maliyyə nəticələri və satış proqnozları səhm qiymətlərinə müsbət təsir göstərib.
Yarımkeçirici avadanlıqlar istehsalçısı ASM International nikbin satış proqnozunu açıqladıqdan sonra səhmlərinin dəyərini təxminən 4% artırıb. Güclü rüblük hesabat təqdim edən Deutsche Bank-ın səhmləri də təxminən 4% bahalaşıb. EssilorLuxottica şirkətinin səhmləri isə ötən həftə açıqlanan müsbət nəticələrdən sonra təxminən 16% yüksəlib.
“Citigroup” indeksinin məlumatlarına əsasən, son altı ay ərzində analitiklər Avropa şirkətlərinin mənfəət proqnozlarını daha çox artırıb, nəinki azaldıblar. Bu, 2022-ci ildən bəri qeydə alınan ən uzunmüddətli müsbət tendensiyadır.
ABŞ şirkətləri üzrə mənfəət gözləntiləri isə aprelin ortalarından etibarən davam edən yüksəlişdən sonra son həftələrdə aşağı istiqamətdə yenidən nəzərdən keçirilib.
Müsbət mənzərəyə baxmayaraq, Avropa fond bazarı hələlik Stoxx 600 indeksinin avqustun ortalarında qeydə alınmış rekordunu yeniləməsinə nail olmayıb. Neft və təbii qaz qiymətlərinin artması, eləcə də Yaxın Şərqdə gərginliyin davam etməsi investorların əhval-ruhiyyəsinə təzyiq göstərir.
İstehlak sektorunda da zəiflik müşahidə olunur. Unilever-in səhmləri ərzaq biznesində və inkişaf etmiş bazarlardakı nəticələrin zəif olması səbəbindən təxminən 2% ucuzlaşıb. Volkswagen-in zərərə keçdiyini açıqlamasından sonra şirkətin səhmlərində geriləmə qeydə alınıb. Kering və Hermès şirkətlərinin səhmləri də rüblük hesabatlardan sonra dəyər itirib.
“RootBridge Capital” şirkətinin idarəedici tərəfdaşı Alpeş Patel hesab edir ki, investorlar üçün əsas prioritet kəskin, lakin qısamüddətli artım deyil, davamlı mənfəət göstəriciləridir.
Ekspertlərin fikrincə, 2027-ci ilə keçid zamanı Avropa bazarı üçün əsas sınaq mənfəət artımının yalnız enerji sektorunda deyil, sənaye, bank, istehlak və texnologiya sahələrində də genişlənməsi olacaq.
MONETAR.AZ