Azərbaycan Mərkəzi Bankının açıqladığı son statistik məlumatlar ölkədə kredit resurslarının bölgüsü üzrə ciddi regional fərqlərin qalmaqda davam etdiyini göstərir. 30 aprel 2026-cı il tarixinə bank sektorunun ümumi kredit portfeli 26 milyard 609,2 milyon manat təşkil edib. Rəqəmlərin təhlili göstərir ki, ölkədə verilən hər 5 manat kreditin təxminən 4 manatı Bakı iqtisadi rayonunun payına düşür.
Hesabat dövründə Bakı iqtisadi rayonunda kredit qoyuluşlarının həcmi 21 milyard 215,2 milyon manata çatıb. Bu göstərici ölkə üzrə ümumi kredit portfelinin təxminən 79,7 faizini təşkil edir.
Paytaxtdan sonra ən böyük kredit portfeli Abşeron-Xızı iqtisadi rayonunda qeydə alınıb. Region üzrə kredit qoyuluşlarının həcmi 1 milyard 204,2 milyon manat olub.
Kredit portfelinin həcminə görə sonrakı yerlərdə aşağıdakı iqtisadi rayonlar qərarlaşıb:
- Abşeron-Xızı – 1 milyard 204,2 milyon manat;
- Gəncə-Daşkəsən – 821,4 milyon manat;
- Quba-Xaçmaz – 641,5 milyon manat;
- Lənkəran-Astara – 573,5 milyon manat;
- Mərkəzi Aran – 517,9 milyon manat.
Bu göstəricilər regionlarda iqtisadi aktivliyin və biznes kreditləşməsinin müəyyən səviyyədə artdığını göstərsə də, Bakı ilə fərq hələ də çox böyük olaraq qalır.
Statistikaya əsasən, ən aşağı kredit qoyuluşu Şərqi Zəngəzur iqtisadi rayonunda qeydə alınıb. Bu regionda kredit portfelinin həcmi 234,8 milyon manat təşkil edib.
Naxçıvan Muxtar Respublikasında isə kredit qoyuluşları 449,6 milyon manat səviyyəsində olub.
İqtisadçılar hesab edirlər ki, Bakının kredit bazarında dominant mövqeyi ölkənin əsas biznes mərkəzi olması, iri müəssisələrin və korporativ müştərilərin paytaxtda cəmləşməsi ilə bağlıdır. Regionlarda kredit portfelinin nisbətən aşağı olması isə iqtisadi aktivliyin, investisiya layihələrinin və maliyyə xidmətlərinə tələbin daha məhdud olması ilə izah edilir.
Mərkəzi Bankın statistikası göstərir ki, bank sektorunda kreditləşmə hələ də əsasən Bakı yönümlü olaraq qalır və regionların ümumi kredit portfelində payı 20 faizdən bir qədər artıqdır.
MONETAR.AZ