Azərbaycan banklarının qazancı: Liderlər və mənfəəti azalan banklar

Azərbaycan banklarının qazancı: Liderlər və

Azərbaycanda fəaliyyət göstərən bankların 2026-cı ilin yanvar-sentyabr ayları üzrə xalis mənfəət göstəricilərində ilk üçlüyə Azərbaycan Beynəlxalq Bankı, Kapital Bank və PAŞA Bank daxil olub. İlk iki bankın ümumi xalis mənfəəti 649,4 milyon manata çatıb.

Monetar.az xəbər verir ki,  Azərbaycan Beynəlxalq Bankı 352,4 milyon manat xalis mənfəətlə birinci yerdə qərarlaşıb. Bankın mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 34,8% artıb.

Kapital Bank 297 milyon manat xalis mənfəətlə ikinci olub. Bankın illik mənfəət artımı 29,6% təşkil edib. İlk üçlüyü 133,8 milyon manat mənfəətlə PAŞA Bank tamamlayıb. Bu bank üzrə artım cəmi 0,7% olub.

İlk beşlikdə Bank Respublika 50,3 milyon manat, AccessBank isə 45,2 milyon manat xalis mənfəətlə yer alıb. Onların illik mənfəət artımı müvafiq olaraq 16,5% və 27% təşkil edib.

Mənfəət artımının ən yüksək olduğu banklar arasında Unibank da diqqət çəkib. Bankın xalis mənfəəti illik müqayisədə 72,6% artaraq 26,6 milyon manata yüksəlib. Ekspressbankda artım 65,1%, Azər-Türk Bankda 61,8%, AFB Bankda isə 59,2% olub.

Bununla yanaşı, bəzi bankların mənfəətində azalma qeydə alınıb. Xalq Bankın xalis mənfəəti 53,3%, Yelo Bankın 30,5%, Bank Avrasiyanın 30%, VTB Azərbaycan Bankının 26,8%, İran Milli Bankının Bakı filialının isə 28,2% azalıb.

Beləliklə, bank sektorunda ən böyük xalis mənfəət Azərbaycan Beynəlxalq Bankı və Kapital Bankın payına düşüb. Hər iki bankın ümumi mənfəəti 649 milyon manatı ötüb.