Azərbaycanda ipoteka kreditləri 6,6 % artıb – faizlər də yüksəlib

Azərbaycanda ipoteka kreditləri 6,6 % artıb –

2026-cı il iyunun sonuna Azərbaycanda ipoteka kreditləri portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 6,6% artıb. Artımın əsas hissəsi İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) vəsaiti hesabına verilən kreditlərin payına düşüb.

Monetar.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2026-cı ilin birinci yarısı üzrə Maliyyə Sabitliyi Hesabatında bildirilib.

Hesabat dövründə İKZF hesabına verilən ipoteka kreditlərinin qalığı illik müqayisədə 266,5 milyon manat və ya 10,8% artıb. Bankların öz vəsaitləri hesabına verilən ipoteka kreditlərinin qalığında isə 27,7 milyon manat və ya 1,4% artım qeydə alınıb.

Nəticədə, ipoteka kreditləri portfelinin 58%-i İKZF-nin vəsaiti, 42%-i isə bankların daxili resursları hesabına verilən kreditlərdən formalaşıb.

Yeni verilən ipoteka kreditləri üzrə orta faiz dərəcəsi ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz bəndi artaraq 10,72%-ə çatıb. Bankların daxili resursları hesabına verilən kreditlər üzrə faiz dərəcəsi 0,39 faiz bəndi yüksələrək 12,76% olub. İKZF hesabına verilən kreditlər üzrə faiz dərəcəsi isə 7,04% səviyyəsində qalıb.

Hesabatda əhalinin sərəncamında qalan gəlirlərinin artımının ipoteka kreditlərinin ödənilməsi imkanlarını dəstəklədiyi qeyd olunur. Bununla belə, yeni kreditlər üzrə faiz dərəcələrinin yüksəlməsi borclanma xərclərinin artdığını göstərir.