2025-ci ilin ilk 9 ayında bankların verdiyi kreditlərin faizləri 0,8 % azalıb. Bu barədə jurnalistlərə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə heyətinin sədri Taleh Kazımov məlumat verib. Bildirib ki, ucuzlaşma bankların cəlb etdiyi depozit faizlərində də müşahidə edilir. Burada azalma 0,6 % olub.
AMB sədri ucuzlaşmanı son bir ildə uçot dərəcəsinin aşağı salınması ilə izah edib. Eyni zamanda banklarda formalaşan likvidlik də faizlərin aşağı düşməsinə təsir edib:
“Mən etiraf etməliyəm ki, kredit və depozit fazilərinin azalmasının digər səbəbi bank sektorunda struktur likvidliyin olması ilə bağlıdır. Bu likvidliyin formalaşmasının səbəbi isə Maliyyə Nazirliyinin dövlət hesablarında olan sərbəst vəsaitlərin depozit hərraclarına çıxarması və həmin vəsaitlərin bank sektorunda qalmasıdır. Son hesablamalara görə, hazırda bank sektorunda formalaşan struktur likvidliyin həcmi 2,7 milyard manatdır” – deyə T.Kazımov qeyd edib.
Qeyd edək ki, bu müddətdə AMB-nin hərraca çıxardığı notların həcmi də kəskin azalıb.
MONETAR.AZ