Azərbaycanda bu ilin 9 ayında sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta üzrə dövlət fondlarına daxilolmaların ümumi həcmi 6 milyard manata yaxın olub.
Monetar.az xəbər verir ki, yanvar-sentyabr aylarında məcburi dövlət sosial sığorta haqları üzrə 5 milyard 59,7 milyon manat vəsait toplanıb. Bu məbləğ proqnozdan 267,2 milyon manat çoxdur.
Daxilolmaların 3 milyard 401,6 milyon manatdan çoxu qeyri-büdcə təşkilatlarının payına düşüb.
İşsizlikdən sığorta haqları üzrə 9 ayda 179,9 milyon manatdan çox vəsait daxil olub. Bu istiqamətdə proqnoz 8 milyon manat üstələnib. Qeyri-büdcə təşkilatlarının ödəmələri isə 139,5 milyon manata yaxın olub.
İcbari tibbi sığorta haqları üzrə daxilolmalar 758,8 milyon manata yaxınlaşıb. Bu göstərici də proqnozdan 18 milyon manat çoxdur. Qeyri-büdcə təşkilatları tərəfindən ödənilən vəsait isə 507 milyon manata yaxın təşkil edib.
Beləliklə, yalnız bu üç istiqamət üzrə 9 ayda dövlət fondlarına təxminən 6 milyard manat vəsait daxil olub. Rəqəmlər arasında ən böyük pay isə məcburi dövlət sosial sığorta haqlarının üzərinə düşür.