Azərbaycanda vətəndaşların öz adlarına məsafədən istehlak krediti rəsmiləşdirilməsinə və ya mövcud kredit limitlərinin artırılmasına könüllü məhdudiyyət qoymasına imkan verən “Stop-Kredit” xidməti istifadəyə verilib.
Monetar.az xəbər verir ki, yeni xidmət Azərbaycan Kredit Bürosunun (AKB) hazırladığı rəqəmsal kredit tarixçəsi platforması olan “Findoc” portalında istifadəyə verilib.
“Stop-Kredit” xidməti Azərbaycan Mərkəzi Bankının bu ilin iyunun 25-də təsdiqlədiyi kredit risklərinin idarə edilməsi qaydalarına edilən dəyişikliklər əsasında hazırlanıb. Xidmətin əsas məqsədi məsafədən göstərilən maliyyə xidmətləri zamanı risklərin azaldılması və istehlakçıların hüquqlarının daha yaxşı qorunmasıdır.
Yeni imkan vətəndaşlara rəqəmsal kanallar vasitəsilə öz adlarına istehlak krediti götürülməsinə və ya mövcud kredit limitlərinin artırılmasına könüllü şəkildə qadağa qoymağa imkan verir. Bu mexanizm xüsusilə vətəndaşın xəbəri olmadan və ya onun iradəsi xaricində kredit rəsmiləşdirilməsi riskinin qarşısının alınması baxımından əhəmiyyətlidir.
Xidmətdən istifadə etmək üçün vətəndaşın “Findoc” portalına və ya mobil tətbiqə daxil olaraq şəxsi kabineti vasitəsilə müvafiq sorğunu yerləşdirməsi kifayətdir. Vətəndaş istədiyi halda sonradan tətbiq etdiyi məhdudiyyəti ləğv edə və ya yenidən aktivləşdirə bilər.
Qaydalara əsasən, oktyabrın 1-dən etibarən kredit təşkilatları məsafədən kredit rəsmiləşdirməzdən əvvəl müvafiq məhdudiyyətin olub-olmadığını yoxlamalıdır. Əgər vətəndaşın “Stop-Kredit” məhdudiyyəti aktivdirsə, kredit təşkilatı məsafədən kredit rəsmiləşdirə və ya mövcud kredit limitini artıra bilməz.
Bu dəyişiklik rəqəmsal kreditləşmənin genişləndiyi bir vaxtda istehlakçıların maliyyə təhlükəsizliyi baxımından yeni mexanizm yaradır. Xüsusilə son illərdə kredit məhsullarının onlayn şəkildə daha sürətli və sadə formada əldə edilməsi vətəndaşların öz kredit məlumatlarına və maliyyə əməliyyatlarına nəzarətini daha vacib edib.
“Findoc” portalı real vaxt rejimində, 7/24 əsaslarla fəaliyyət göstərir. Hazırda platformada qeydiyyatdan keçmiş şəxslərin sayı 225 mindən çoxdur. Bu isə yeni xidmətin potensial istifadəçi dairəsinin kifayət qədər geniş olduğunu göstərir.