Azərbaycanda uçotda olan vergiödəyicilərinin sayı 4,6 faiz artıb

Azərbaycanda uçotda olan vergiödəyicilərinin sayı

Oktyabrın 1-nə Azərbaycanda uçotda olan vergiödəyicilərinin sayı 1 milyon 729 min 10 nəfər və təşkilata çatıb. Onların 86,7 faizini fiziki şəxslər, 13,3 faizini isə hüquqi şəxslər və digər təşkilatlar təşkil edib.

Monetar.az Dövlət Vergi Xidmətindən verilən məlumatlara əsasən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergiödəyicilərinin ümumi sayı 4,6 faiz artıb. Bu müddətdə fiziki şəxslərin sayı 4,4 faiz, hüquqi şəxslərin sayı isə 5,7 faiz yüksəlib.

Oktyabrın 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 213 min 837 təşkil edib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz çoxdur.

Cari ilin sentyabr ayında 1208 kommersiya qurumu dövlət qeydiyyatından keçib. Onların 86 faizi yerli, 14 faizi isə xarici investisiyalı müəssisələr olub.

Qeydiyyata alınan kommersiya qurumlarının 83 faizi elektron qaydada qeydiyyatdan keçib. Yanvar–sentyabr aylarında qeydiyyata alınmış yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron qeydiyyatının xüsusi çəkisi isə 96,6 faiz təşkil edib.

Oktyabrın 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92,4 faizi məhdud məsuliyyətli cəmiyyət (MMC) formasında yaradılıb.