Azərbaycanın 2027-ci il dövlət büdcəsinin kəsiri 3,1 milyard manatı ötəcək

Azərbaycanın 2027-ci il dövlət büdcəsinin kəsiri

Azərbaycanın 2027-ci il dövlət büdcəsinin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat proqnozlaşdırılır.

Monetar.az xəbər verir ki, bu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, gələn il dövlət büdcəsinin gəlirlərinin 38 milyard 518,4 milyon manatı mərkəzləşdirilmiş, 735,6 milyon manatı isə yerli gəlirlərin payına düşəcək.

Büdcə xərclərinin isə 41 milyard 664,4 milyon manatının mərkəzləşdirilmiş, 735,6 milyon manatının yerli xərclər olması nəzərdə tutulur.

Beləliklə, 2027-ci ildə dövlət büdcəsində 3 milyard 146 milyon manat kəsir proqnozlaşdırılır. Bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 1,7% çoxdur.

2027-ci ildə Azərbaycanın icmal büdcəsinin gəlirlərinin 47 milyard 619,2 milyon manat, xərclərinin isə 50 milyard 377,1 milyon manat olacağı gözlənilir.

Bu göstəricilər 2026-cı ilin təsdiq olunmuş proqnozları ilə müqayisədə müvafiq olaraq 5,9% və 3,1% çoxdur.

Nəticədə icmal büdcədə 2 milyard 757,9 milyon manat kəsir yaranacağı proqnozlaşdırılır. Bu isə əvvəlki ilin proqnozu ilə müqayisədə 28,7% azdır.