Bankların maliyyələşməsində əhalinin müddətli depozitlərinin payı artır

Bankların maliyyələşməsində

2026-cı ilin III rübündə Azərbaycanda bankların maliyyələşmə strukturunda əhalinin müddətli depozitlərinin və hüquqi şəxslərin depozitlərinin payı artıb.

Monetar.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının “Kreditləşmə fəaliyyəti və maliyyələşmə mənbələrinə dair sorğunun nəticələri” hesabatında bildirilib.

Sorğunun nəticələrinə əsasən, hesabat dövründə banklararası bazar vasitəsilə maliyyələşmənin payında isə azalma müşahidə olunub.

Banklar növbəti rübdə də maliyyələşmə strukturunda əsas artımın fiziki şəxslərin müddətli depozitləri hesabına baş verəcəyini gözləyirlər. Bununla yanaşı, hüquqi şəxslərin tələbli depozitlərində azalma, banklararası bazar vasitəsilə cəlb olunan vəsaitlərdə isə artım proqnozlaşdırılır.

Hesabatda bankların maliyyələşmə dəyərinə təsir edən əsas amillər də açıqlanıb. Bunlara faiz dərəcələri, requlyativ çərçivədəki dəyişikliklər, likvidlik mövqeyi və banklararası rəqabət daxildir.

Mərkəzi Bankın məlumatına görə, 2026-cı ilin əvvəlindən bu amillərin maliyyələşmə dəyərinə təsirinin miqyası daralıb. Bu, bankların likvidlik tələblərinə uyğunlaşması, likvidlik mövqelərinin güclənməsi və depozit faizlərinin əmanətçilər üçün cəlbedici olması ilə izah edilir.