BOKT-ların xərcləri bir ildə 66 milyon manatdan çox artıb

BOKT-ların xərcləri bir ildə

Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) faiz və qeyri-faiz xərclərinin ümumi həcmi 2026-cı ilin ilk 9 ayında 230,3 milyon manata yüksəlib.

Monetar.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövründə bu göstərici 164,1 milyon manat təşkil edib. Beləliklə, BOKT-ların xərcləri bir il ərzində 66,2 milyon manat və ya 40,3% artıb.

Hesabat dövründə qeyri-faiz xərcləri 131,1 milyon manatdan 186,1 milyon manata yüksəlib. Bu, 42% artım deməkdir.

Faiz xərcləri də artıb. Belə ki, 2025-ci ilin ilk 9 ayında 33 milyon manat olan bu göstərici 2026-cı ilin eyni dövründə 44,2 milyon manata çatıb. İllik artım 33,9% təşkil edib.

Diqqətçəkən məqam odur ki, xərclərin artmasına baxmayaraq, BOKT-ların əməliyyat mənfəəti də yüksəlib. Belə ki, bu göstərici 166,3 milyon manatdan 307,9 milyon manata çatıb.

Bununla belə, qeyri-faiz xərclərinin 55 milyon manat artması diqqət çəkir. Hesabatda bu xərclərin hansı istiqamətlər üzrə formalaşdığı ayrıca göstərilmir.

Qeyd edək ki, müqayisə Aqrarkredit QSC istisna olmaqla, bank olmayan kredit təşkilatlarının 2025 və 2026-cı ilin ilk 9 ayına dair maliyyə göstəricilərini əhatə edir.