Qlobal süni intellekt (AI) investisiya bumu Çin ixracatında yeni və daha gəlirli bir mərhələnin əsasını qoyub. Bloomberg agentliyinin təhlilinə görə, Pekin rəhbərliyi milli valyutanın (yuan) kəskin möhkəmlənməsinə qarşı əvvəlki illərdə göstərdiyi aqressiv müdaxilə siyasətindən imtina edib. İqtisadiyyatda müəyyən daxili zəifliklərin (xüsusilə sənaye fəallığının səngiməsinin) qeydə alınmasına baxmayaraq, rəsmi dairələr güclü valyuta məzənnəsinə qarşı olduqca dözümlü və rahat yanaşırlar.
Sərt şəkildə tənzimlənən daxili yuan dollar qarşısında ardıcıl altıncı rübü də artımla başa vurmağa hazırlaşır. Bu, Çin valyuta bazarı üçün ciddi statistik hadisədir. Yuanın bu dərəcədə uzunmüddətli və ardıcıl yüksəliş trendi sonuncu dəfə 2013-cü ildə müşahidə olunmuşdu. Hazırda daxili bazarda 1 ABŞ dolları təxminən 6,79 yuan səviyyəsində ticarət olunur ki, bu da valyutanın 2023-cü ildən bəri ən yüksək həddidir.
Pekinin güclü yuandan qorxmamasının fundamental səbəbi ölkənin xarici ticarət strukturunun köklü şəkildə dəyişməsidir. Əvvəllər Çin minimal mənfəət marjası ilə çalışan ucuz istehsala (tekstil, mebel, plastik oyuncaqlar) söykənirdi. Bu modeldə yuanın cüzi bahalaşması ixracatçıların qlobal rəqabət qabiliyyətini itirməsinə və şirkətlərin iflasına yol açırdı.
Hazırda ixracın əsas lokomotivi yarımkeçiricilər (çiplər), süni intellekt serverləri, kompüterlər və qabaqcıl enerji avadanlıqlarıdır. Bu strateji məhsullara qlobal tələb o qədər yüksəkdir ki, xarici alıcılar yuanın bahalaşmasına baxmayaraq sifarişləri azaltmırlar.
Pantheon Macroeconomics və Gama Asset Management analitikləri vurğulayırlar ki, Çin şirkətləri qlobal dəyər zəncirində (value chain) yuxarı pillələrə qalxdıqca, onların rəqabət gücü süni ucuz məzənnədən asılı olmaqdan çıxır. Aprel ayının ixrac rekordları da bunu sübut edir: artımın demək olar ki, yarısı yüksək texnologiyaların payına düşüb, geyim sektoru isə durğunluq yaşayır.
Çin Xalq Bankının (PBOC) rəsmi gündəlik məzənnəni son üç ilin maksimumuna yaxın qeyd etməsi də rəsmi Pekinin güclü valyutanı idxal xərclərini azaltmaq (xüsusilə xaricdən alınan çip hazırlama avadanlıqlarını ucuzlaşdırmaq) üçün strateji bir alətə çevirdiyini nümayiş etdirir.
MONETAR.AZ