Azərbaycanda dövlət borclarına xidmətlə bağlı xərclərin növbəti illərdə artması gözlənilir. Monetar.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu xərclərin 2026-cı ildəki 2 milyard 457,6 milyon manatdan 2030-cu ildə 3 milyard manata yüksələcəyi proqnozlaşdırılır.
Ortamüddətli büdcə proqnozlarına əsasən, 2027-ci ildə borca xidmət xərcləri 2 milyard 200 milyon manat, 2028-ci ildə 2 milyard 400 milyon manat, 2029-cu ildə isə 2 milyard 500 milyon manat təşkil edəcək.
Beləliklə, 2026–2030-cu illərdə dövlət borclarına xidmət xərclərinin 542,4 milyon manat və ya 22,1% artması nəzərdə tutulur.
Bununla yanaşı, dövlət büdcəsinin əsaslı xərclərinin azalacağı proqnozlaşdırılır. 2026-cı ildə 14 milyard 44,4 milyon manat təşkil edəcək əsaslı xərclərin 2030-cu ildə 13 milyard 500 milyon manata enəcəyi gözlənilir.
Digər tərəfdən, cari xərclərin 2026-cı ildəki 25 milyard 201,6 milyon manatdan 2030-cu ildə 27 milyard 736,5 milyon manata yüksələcəyi proqnozlaşdırılır.