Dövlət Neft Fondundan transfertlər 2030-cu ilədək 27,2% azalacaq

Dövlət Neft Fondundan transfertlər

Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlərin növbəti illərdə azalması proqnozlaşdırılır.

Monetar.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, 2026-cı ildə 12 milyard 835 milyon manat təşkil edəcək transfertlərin həcmi 2030-cu ildə 9 milyard 350 milyon manata enəcək.

Ortamüddətli büdcə proqnozlarına əsasən, 2027-ci ildə transfertlərin 11 milyard 900 milyon manat, 2028-ci ildə 11 milyard 50 milyon manat, 2029-cu ildə isə 10 milyard 200 milyon manat olacağı gözlənilir.

Beləliklə, 2026–2030-cu illərdə Dövlət Neft Fondundan transfertlərin 3 milyard 485 milyon manat və ya 27,2% azalması nəzərdə tutulur.

Eyni zamanda, qeyri-neft gəlirlərinin artacağı proqnozlaşdırılır. Dövlət Vergi Xidməti xətti ilə qeyri-neft gəlirlərinin 2026-cı ildə 13 milyard 310 milyon manat, 2030-cu ildə isə 18 milyard 810 milyon manat olacağı gözlənilir.

Bu, 5 milyard 500 milyon manat və ya 41,3% artım deməkdir.

Proqnozlara görə, Dövlət Vergi Xidməti xətti ilə neft gəlirləri 2026-cı ildəki 3 milyard 600 milyon manatdan 2030-cu ildə 2 milyard 890 milyon manata enəcək.