FED-in faiz dərəcələrini yenidən artırma reallığı funt sterlinqi zəiflədir

FED-in faiz dərəcələrini yenidən artırma reallığı

ABŞ Federal Ehtiyat Sisteminin (FED) sentyabr iclasının protokollarında faiz dərəcələrinin yenidən artırılmasına meyilin qorunduğunun görünməsi dolları möhkəmləndirib. Bu mənada bu gün funt sterlinq və avro dollar qarşısında ucuzlaşıb.

Bakı vaxtı ilə saat 13:03-ə olan məlumata görə, GBP/USD məzənnəsi 0,20 faiz azalaraq 1,3195 dollar, EUR/USD isə 0,06 faiz geriləyərək 1,1189 dollar olub.

“ING” bankının qlobal bazarlar üzrə rəhbəri Kris Törner bildirib ki, FES protokolları dollar üçün fundamental dəstəyi gücləndirib. Onun sözlərinə görə, ABŞ xəzinədarlıq istiqrazlarının yüksək gəlirliliyi və bazarlarda artan volatillik “kerri-treyd” strategiyasından vəsait axınını məhdudlaşdırır.

Törner dolların yaxın aylarda mövqeyini qoruyacağını gözləyir. O, DXY dollar indeksinin tədricən 102,85 səviyyəsinə yüksələ biləcəyini proqnozlaşdırıb.

FED-in iclas protokollarına əsasən, iştirakçıların əksəriyyəti ilin sonuna qədər federal fondlar üzrə faiz dərəcəsinin hədəf diapazonunun daha bir dəfə artırılmasını məqsədəuyğun hesab edib.

Protokollarda yüksək inflyasiya ilə bağlı narahatlıqlar da əksini tapıb. Bundan başqa, süni intellekt infrastrukturuna investisiyaların sürətli artımı və bunun iqtisadiyyata mümkün təsirləri müzakirə olunub.

Bazarlar hazırda dekabr ayında faiz dərəcəsinin 25 baza bəndi artırılaraq 4,25 faizə çatdırılmasını, gələn il isə daha 50 baza bəndi sərtləşdirmə aparılmasını qiymətləndirirlər. “ING” bu gözləntiləri kifayət qədər aqressiv hesab etsə də, Törner bazarın ilin sonunadək bu ssenaridən ciddi şəkildə uzaqlaşacağına şübhə ilə yanaşır.

Çərşənbə günü ABŞ-ın 10 illik xəzinədarlıq istiqrazları üzrə keçirilən uğurlu hərrac da yüksək gəlirlilik şəraitində tələbin qaldığını göstərib.

Funt sterlinqin zəifləməsinin əsas səbəbi Britaniya iqtisadiyyatından daha çox dolların möhkəmlənməsi ilə əlaqələndirilir. Britaniya dövlət istiqrazlarının gəlirliliyi də yüksəlib. 10 illik “gilts” üzrə gəlirlilik 3,4 baza bəndi artaraq 5,4833 faizə, 30 illik istiqrazlar üzrə isə 3 baza bəndi yüksələrək 6,011 faizə çatıb.

İnvestorların diqqətində İngiltərə Bankının (BoE) rəsmilərinin çıxışları da olacaq. Törnerin fikrincə, faiz dərəcəsinin artırılmasını dəstəkləyən hər hansı siqnal EUR/GBP məzənnəsinə əlavə təzyiq göstərə bilər.

“ING” EUR/GBP üçün 0,8455–0,8465 səviyyəsində güclü dəstək görür.

Avronun dinamikasında isə Fransa amili ön plana çıxır. Fransa istiqrazlarının ucuzlaşması ölkənin büdcə vəziyyəti ilə bağlı narahatlıqları artırıb. Xüsusilə borclanmanın müddət strukturunda mümkün dəyişikliklərin islahatlara siyasi təzyiqi zəiflədə biləcəyi ilə bağlı investor narahatlığı yaranıb.

Törnerin sözlərinə görə, EUR/USD məzənnəsi hazırda böyük ölçüdə Fransa dövlət istiqrazlarının dinamikasını izləyir. “ING” cütlüyün 1,1100–1,1120 zonasına qədər geriləyə və burada daha ciddi dəstək tapa biləcəyini gözləyir.

Fransada büdcə konsolidasiyası ilə bağlı parlament müzakirələrinin oktyabrın 13-də başlamasının gözlənilməsi isə avronun yaxın perspektivdəki dinamikasında qeyri-müəyyənliyi yüksək saxlayır.

MONETAR.AZ