Hindistan real vaxt rejimində avro ilə hesablaşmaların tətbiqini nəzərdən keçirir. Bu praktikanın Qucarat ştatında yerləşən GIFT City beynəlxalq maliyyə xidmətləri mərkəzində (IFSC) həyata keçirilməsi planlaşdırılır. Bu barədə vəziyyətlə tanış mənbələrə istinadən Bloomberg məlumat yayıb.
Hindistanın Beynəlxalq Maliyyə Xidmətləri Mərkəzləri İdarəsi (IFSC Authority) artıq hökumətə müraciət edərək avronun real vaxt hesablaşmalarında istifadəsinə icazə verilməsini istəyib. Hazırda GIFT City-də ABŞ dolları ilə hesablaşmalar mövcuddur. Real vaxt valyuta əməliyyatları isə burada ötən ildən tətbiq olunur və Clearing Corp. of India-nın məlumatına görə, bu sistem hesablaşma müddətini 24 saatdan bir neçə saniyəyə qədər azaldıb.
ATB Legal hüquq şirkətinin məlumatına əsasən, GIFT City Hindistanda bu səviyyədə fəaliyyət göstərən flaqman və hələlik yeganə beynəlxalq maliyyə mərkəzidir. Belə mərkəzlərin yaradılmasında əsas məqsədlərdən biri milli maliyyə institutları ilə qlobal bazarlar arasındakı məsafəni azaltmaq, xarici investisiyaları və kapital axınını artırmaqdır.
Bu səbəbdən IFSC-də hüquqi rejim ölkənin ümumi qaydalarından fərqlənir. Məsələn, burada xarici valyutada depozitlərin qəbuluna və ticarət maliyyələşdirilməsinin həyata keçirilməsinə icazə verilir.
MONETAR.AZ