“Lukoil” dəymiş zərəri qiymətləndirib

“Lukoil” dəymiş zərəri

Rusiyanın ikinci ən böyük neft istehsalçısı olan Lukoil ABŞ sanksiyalarından sonra xarici aktivlərə etdiyi investisiyaları tam şəkildə silib. Bu barədə Bloomberg məlumat yayıb.

Şirkətin cümə günü açıqlanan maliyyə hesabatına əsasən, ötən il beynəlxalq biznes üzərində nəzarətin itirilməsi səbəbindən aktivlərin dəyərsizləşməsi 1,67 trilyon rubl (təxminən 19,8 milyard dollar) təşkil edib. Bu isə əvvəlki ildə mənfəət əldə edən şirkətin 1,06 trilyon rubl həcmində xalis zərər açıqlamasına səbəb olub.

ABŞ Ukrayna münaqişəsinə görə Kremlə təzyiq göstərmək məqsədilə LukoilRosneft şirkətlərinə qarşı sanksiyalar tətbiq edib. Bu qərar “Lukoil”un fəaliyyət göstərdiyi ölkələrdə ciddi təsir yaradıb və geniş beynəlxalq portfelə malik olan şirkəti xarici biznesini satışa çıxarmağa məcbur edib.

Şirkət Avropadakı neftayırma zavodlarında paylara, İraqdan Qazaxıstana qədər neft yataqlarında aktivlərə, həmçinin ABŞ daxil olmaqla 20 ölkədə 5300 yanacaqdoldurma məntəqəsindən ibarət şəbəkəyə sahib idi.

Yanvar ayında Lukoil xarici aktivlərinin böyük hissəsinin Carlyle Group tərəfindən alınması barədə razılığa gəlib. Bundan əvvəl Gunvor Group ilə planlaşdırılan sövdələşmə baş tutmamışdı. Müqavilənin reallaşması üçün tənzimləyici qurumların təsdiqi tələb olunur və şirkət digər potensial alıcılarla da danışıqları davam etdirir.

Hesabatda qeyd olunur ki, satış prosesi ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) qərarından tam asılıdır. Əgər razılıq verilərsə, əldə ediləcək vəsaitlərin böyük ehtimalla xüsusi hesabda saxlanılacağı və yalnız sanksiyalar ləğv edildikdən sonra istifadə edilə biləcəyi bildirilir.

Şirkətin xaricdəki aktivlərinin fəaliyyəti maliyyə hesabatında dayandırılmış əməliyyatlar kimi göstərilib.

Bununla yanaşı, “Lukoil”un Direktorlar Şurası 2025-ci il üzrə yekun dividend kimi hər səhmə 278 rubl ödənilməsini tövsiyə edib.

MONETAR.AZ