Türkiyədən Azərbaycana pul köçürmələri artıb

Türkiyədən Azərbaycana pul köçürmələri

2025-ci ildə fiziki şəxslər tərəfindən Türkiyədən Azərbaycana göndərilən pul köçürmələrinin həcmi 193,2 milyon ABŞ dolları təşkil edib. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu göstərici 2024-cü illə müqayisədə 17,3 milyon dollar və ya 9,8% çoxdur. Bu barədə Trend məlumat yayıb.

Məlumata əsasən, hesabat dövründə Türkiyənin xaricdən Azərbaycana daxil olan ümumi pul köçürmələrində payı 16,4% olub. Beləliklə, Türkiyə bu göstərici üzrə Rusiyadan sonra ikinci yeri tutub.

Eyni zamanda, 2025-ci ildə Azərbaycandan Türkiyəyə fiziki şəxslər tərəfindən göndərilən pul köçürmələrinin həcmi 145,7 milyon ABŞ dolları olub. Bu isə 2024-cü illə müqayisədə 6,1 milyon dollar və ya 4% azdır.

Hesabat dövründə Türkiyənin Azərbaycandan xaricə göndərilən ümumi pul köçürmələrində payı 28,9% təşkil edib. Bu göstərici ilə Türkiyə Azərbaycandan ən çox vəsait köçürülən ölkə olub.

2024-cü ildə Azərbaycandan Türkiyəyə pul köçürmələrinin həcmi 151,8 milyon dollar, əks istiqamətdə isə 175,9 milyon dollar təşkil etmişdi.

Ümumilikdə, 2025-ci ildə Azərbaycandan xarici ölkələrə göndərilən pul köçürmələrinin həcmi 505,139 milyon ABŞ dolları olub ki, bu da 2024-cü illə müqayisədə 21,6 milyon dollar və ya 4,1% azdır.

Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycana daxil olan pul köçürmələrinin həcmi 1,177 milyard ABŞ dollarına çatıb ki, bu da əvvəlki illə müqayisədə 94,1 milyon dollar və ya 8,7% çoxdur.