Azərbaycan Mərkəzi Bankının 30 aprel 2026-cı il tarixinə açıqladığı statistik göstəricilər ölkədə kredit faizlərinin regionlar üzrə ciddi fərqləndiyini ortaya qoyub. Rəsmi məlumatlara görə, bank sektorunda kreditlərin orta faiz dərəcəsi 14,24% təşkil etsə də, paytaxtla regionlar arasında nəzərəçarpacaq fərq mövcuddur. Statistikaya əsasən, ölkə üzrə ən aşağı orta kredit faizi Bakı iqtisadi rayonunda qeydə alınıb. Paytaxtda kreditlərin orta illik faiz dərəcəsi 12,80% təşkil edib.
Ən bahalı kreditlər isə regionlarda müşahidə olunur. Məlumata görə, ən yüksək orta faiz dərəcəsi Dağlıq Şirvan iqtisadi rayonunda qeydə alınıb.
Faiz dərəcələrinə görə ilk sıralarda yer alan regionlar:
-
Dağlıq Şirvan – 19,67%;
-
Lənkəran-Astara – 19,37%;
-
Mil-Muğan – 19,37%;
-
Qarabağ – 19,03%;
-
Şəki-Zaqatala – 18,87%;
-
Mərkəzi Aran – 18,75%.
Şərqi Zəngəzur iqtisadi rayonunda orta kredit faizi 18,07%, Quba-Xaçmazda 17,85%, Qazax-Tovuzda isə 17,65% olub.
Bakıdan sonra ən böyük kredit portfelinə malik olan Abşeron-Xızı iqtisadi rayonunda orta kredit faizi 16,70% təşkil edib.
Naxçıvan Muxtar Respublikasında isə bu göstərici 15,04% səviyyəsində qeydə alınıb ki, bu da ölkə üzrə orta göstəriciyə yaxın hesab olunur.
Maliyyə ekspertlərinin fikrincə, regionlarda kredit faizlərinin yüksək olması bir neçə amillə bağlıdır. Bunlara bank filiallarının əməliyyat xərclərinin yüksək olması, girov təminatının likvidlik riskləri, müştəri bazasının məhdudluğu və portfeldə istehlak və mikro kreditlərin üstünlük təşkil etməsi daxildir.
Bundan əlavə, bölgələrdə biznes kreditlərinin payının aşağı olması da orta faiz göstəricilərinin yüksəlməsinə təsir göstərir.
Rəqəmlər göstərir ki, ölkədə ən aşağı və ən yüksək orta kredit faizləri arasındakı fərq təxminən 7 faiz bəndinə çatır. Bu isə maliyyə resurslarına çıxış baxımından regionlar arasında mövcud fərqlərin hələ də davam etdiyini göstərir.
Mərkəzi Bankın statistikası kredit bazarında paytaxtın həm həcm, həm də qiymət baxımından daha əlverişli mövqedə olduğunu, regionlarda isə maliyyələşmə xərclərinin daha yüksək qaldığını bir daha təsdiqləyir.
MONETAR.AZ