Mərkəzi Bank ödəniş sistemləri üzrə xidmət haqlarını təsdiqləyib 

Mərkəzi Bank ödəniş sistemləri üzrə
Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti ödəniş sistemləri üzrə tətbiq edilən xidmət haqqı tariflərini təsdiqləyib.  Monetar.az xəbər verir ki, Sənəddə AZIPS və XÖHKS, Ani Ödənişlər Sistemi, eləcə də Banklararası Kart Mərkəzi vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə xidmət haqları müəyyənləşdirilib.
AZIPS və XÖHKS üzrə tariflər

Milli valyutada AZIPS vasitəsilə ödəniş sərəncamlarının icrasına görə tarif əməliyyatın məbləğindən asılı olaraq 0,2 manatdan 20 manatadək müəyyən edilib. Belə ki, 100 manatadək ödənişlər üzrə 0,2 manat, 100,01–1 000 manat aralığında 0,5 manat, 1 000,01–10 000 manat aralığında 2 manat, 10 000,01–40 000 manat aralığında 10 manat, 40 000 manatdan yuxarı əməliyyatlar üzrə isə 20 manat xidmət haqqı nəzərdə tutulub.

XÖHKS vasitəsilə həyata keçirilən ödənişlər üzrə tariflər isə 0,1 manatdan 10 manatadək dəyişir. Hökumət Ödəniş Portalı üzərindən göndərilən ödəniş sərəncamları üçün daha aşağı tariflər müəyyən edilib. Bu əməliyyatlar üzrə xidmət haqqı 100 manatadək məbləğlər üçün 0,03 manat, 100,01–1 000 manat aralığında 0,1 manat, 1 000,01–10 000 manat aralığında 1 manat, 10 000,01–40 000 manat aralığında 4 manat, 40 000 manatdan yuxarı məbləğlər üçün isə 8 manat təşkil edir.

Sənədə əsasən, müəyyən əməliyyatlar, o cümlədən nağd pulun alınması məqsədilə göndərilən ödəniş sərəncamları və XÖHKS sessiyalarının sonunda təqdim olunan klirinq nəticələrinin icrası üzrə xidmət haqqı tutulmur.

Ani ödənişlər üzrə xidmət haqları

Ani Ödənişlər Sistemi üzrə tariflər əməliyyatın növünə və məbləğinə görə müəyyənləşdirilib. İştirakçıların ödəniş sərəncamları, alias əsasında hesaba köçürmələr və Hökumət Ödəniş Portalı üzərindən həyata keçirilən ödənişlər üzrə xidmət haqqı 100 manatadək məbləğlər üçün 0,01 manat, 100,01–1 000 manat aralığında 0,05 manat, 1 000,01–10 000 manat aralığında 0,5 manat, 10 000,01–40 000 manat aralığında 2 manat, 40 000 manatdan yuxarı məbləğlər üçün isə 4 manat müəyyən edilib.

Fiziki şəxslər arasında alias olmadan hesaba köçürmələr üzrə tarif 100 manatadək məbləğlər üçün 0,03 manat, 100,01–1 000 manat aralığında 0,1 manat, 1 000,01–10 000 manat aralığında 0,5 manat, 10 000,01–40 000 manat aralığında 2 manat, 40 000 manatdan yuxarı məbləğlər üçün isə 4 manat təşkil edir.

QR kod ödənişləri, ödəniş sorğularının göndərilməsi və nağdlaşdırma əməliyyatları üzrə də məbləğ pillələrinə uyğun tariflər nəzərdə tutulub.

Kart əməliyyatları üzrə tariflər

Banklararası Kart Mərkəzində milli valyutada emal olunan kartdan köçürmə və karta köçürmə əməliyyatları üzrə xidmət haqqı 100 manatadək məbləğlər üçün 0,03 manat, 100,01–1 000 manat aralığında 0,1 manat, 1 000,01–10 000 manat aralığında 0,5 manat, 10 000,01–40 000 manat aralığında 2 manat, 40 000 manatdan yuxarı məbləğlər üçün isə 4 manat müəyyən edilib.

ABŞ dolları və avro ilə emal olunan müvafiq kart əməliyyatları üzrə tariflər də eyni məbləğ pillələrinə uyğun olaraq müvafiq valyutada müəyyənləşdirilib. Xarici valyutada olan tariflər Mərkəzi Bankın əməliyyat gününə rəsmi məzənnəsi əsasında manatla hesablanır.

Mübahisəli əməliyyatlar üzrə ödənişlər

Ani Ödənişlər Sistemi üzrə mübahisəli halın başladılması, arbitraj öncəsi prosedura keçid və tələblərə uyğunluq öncəsi prosedura keçid üçün xidmət haqqı nəzərdə tutulmayıb.

Bununla yanaşı, mübahisəli hal çərçivəsində ödənişin geri qaytarılması tələbi üzrə hər tələb üçün 2 manat, arbitraj proseduru üzrə isə 250 manat tarif müəyyən edilib. Tələblərə uyğunluq proseduru üzrə də hər prosedur üçün 250 manat xidmət haqqı nəzərdə tutulur.

Banklararası Kart Mərkəzində çarcbək sorğusu üzrə 5 manat, arbitraj proseduru üzrə isə 500 manat tarif müəyyən edilib. Reprezentment və bəzi digər prosedurlar üzrə xidmət haqqı sıfır manatdır.

Nağdlaşdırma və ödənişlər üzrə interçeync tarifləri

Ani Ödənişlər Sistemi üzrə iştirakçılar arasında tətbiq edilən interçeync tarifləri də müəyyənləşdirilib. Mobil rabitə, kabel televiziyası və internet provayderləri üzrə ödənişlərdə tarif əməliyyat məbləğinin 0,5%-i, kommunal ödənişlərdə 0,1%, maliyyə xidmətləri üzrə ödənişlərdə 0,2%, sığorta, tədris və digər göstərilən xidmətlər üzrə ödənişlərdə isə 0,6% təşkil edir.

Satış nöqtələrində market və apteklər üzrə ödənişlər üçün 1,25%, nəqliyyat üzrə 0,2%, yanacaqdoldurma məntəqələrində 0,75%, digər göstərilən satış və xidmət seqmentlərində isə 1,5% tarif müəyyən edilib. Elektron ticarət resurslarında həyata keçirilən ödənişlər üzrə tarif 1,3%-dir.

Nağdlaşdırma əməliyyatlarında ATM vasitəsilə nağdlaşdırma üçün məbləğin 0,5%-i, filialda və təsərrüfat subyektində nağdlaşdırma üçün isə minimum 1 manat olmaqla məbləğin 0,5%-i həcmində tarif nəzərdə tutulub.

Qeyd edək ki, sənəddə göstərilən tariflər ödəniş sistemlərinin iştirakçıları, emitentlər və ekvayerlər arasında tətbiq edilən xidmət haqlarını da əhatə edir. Bu tarifləri bankların müştərilərdən tutduğu komissiyalarla eyniləşdirmək olmaz; müştərilər üçün tətbiq olunan yekun şərtlər ayrıca bank tariflərindən asılı ola bilər.