Onlayn kreditləşmədə yeni təhlükəsizlik qaydaları tətbiq olunacaq

Onlayn kreditləşmədə yeni təhlükəsizlik

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Taleh Kazımov tərəfindən imzalanan yeni qaydalara əsasən, ölkədə onlayn kreditləşmə prosesində vətəndaşların müdafiəsini gücləndirən bir sıra mexanizmlər tətbiq ediləcək.

Yeni tələblərin əsas məqsədi onlayn kredit fırıldaqçılığının qarşısının alınması, vətəndaşların kiberrisklərdən qorunması və məsafədən kreditləşmədə təhlükəsizliyin artırılmasıdır.

Yeni qaydalara görə, vətəndaşlar öz adlarına məsafədən kredit verilməsinə qadağa qoyulmasını tələb edə biləcəklər. Bu məlumat həm kredit təşkilatlarının sistemlərində, həm də kredit tarixçəsi bazasında qeydiyyata alınacaq. Qadağanın ləğvi isə yalnız əlavə identifikasiya vasitələri və ya birbaşa müraciət əsasında mümkün olacaq.

Digər mühüm dəyişiklik onlayn kredit vəsaitlərinin dərhal təqdim edilməməsi ilə bağlıdır. Belə ki, müəyyən məbləğədək kreditlər üzrə vəsait müqavilə bağlandıqdan 2 saat sonra, daha böyük məbləğlər üzrə isə 24 saat sonra müştərinin istifadəsinə veriləcək. Bu müddət ərzində şübhəli əməliyyatların aşkar edilməsi və qarşısının alınması mümkün olacaq.

Yeni qaydalarda kredit təşkilatlarının məsuliyyəti də artırılır. Əgər vətəndaş öz adına onlayn kredit verilməsinə qadağa qoyduğu halda sistem nasazlığı və ya digər səbəbdən onun adına kredit rəsmiləşdirilərsə, həmin öhdəlik vətəndaşın üzərinə qoyulmayacaq və məsuliyyət kredit təşkilatının üzərində qalacaq.

Mərkəzi Bankın qərarına əsasən, yeni tələblər 2026-cı il oktyabrın 1-dən qüvvəyə minəcək. Bu tarixədək banklar və bank olmayan kredit təşkilatları informasiya sistemlərini yeni qaydalara uyğunlaşdırmalıdırlar.

MONETAR.AZ