Qazaxıstan Milli Bankı strateji kursunu dəyişərək qızıl alışından onun fəal satışına keçib. Qlobal mərkəzi banklar arasında qızılın əsas alıcılarından biri hesab olunan tənzimləyicinin yeni siyasəti barədə Milli Bankın sədr müavini Aliya Moldabekova “Bloomberg” agentliyinə müsahibəsində məlumat verib.
Qərarın əsas səbəbi ABŞ-ın 10 illik dövlət istiqrazlarının gəlirliliyinin son 24 ilin maksimum səviyyəsinə yüksəlməsidir.
“Biz uzun müddətdir ki, bu səviyyədə gəlirlilik görmürdük. Bu faktor ABŞ dollarını son dərəcə cəlbedici seçimə çevirir və qızılın bir investisiya aktivi kimi cəlbediciliyini azaldır”, — deyə Aliya Moldabekova bildirib.
Məlumatlara görə, Qazaxıstan Milli Bankının qızıl ehtiyatları 386 tona çatıb. Bu, ölkənin ümumi beynəlxalq ehtiyatlarının təxminən 78%-ni təşkil edir. Sentyabrın sonuna olan məlumata əsasən, ölkənin valyuta ehtiyatlarının həcmi 66,4 milyard dollar olub.
Milli Bank rəhbərliyi ehtiyat portfelində qızılın payının həddindən artıq yüksək olmasının aktivlərin şaxələndirilməsini məhdudlaşdırdığını düşünür. Buna görə də tənzimləyici ilin sonunadək qızılın ümumi ehtiyatlardakı payını 3 faiz bəndi azaldaraq 75%-ə endirməyi hədəfləyir.
Planlaşdırılan azalmanın yarısının opsionların satışı, digər yarısının isə fiziki qızılın realizasiyası hesabına təmin edilməsi nəzərdə tutulur. Qızılın bir unsiyasının qiyməti 4 000 dollardan aşağı düşərsə, ehtiyatlardakı payın azalması avtomatik olaraq baş verə bilər.
Qızıl bazarında son dövrdə qiymət enişi müşahidə olunur. Təqdim edilən məlumatlara görə, fevralın sonunda ABŞ və İran arasında hərbi əməliyyatların başlamasından sonra qiymətli metalın dəyəri təxminən 20% azalıb.
Yanvarda bir unsiyası 5 600 dollara çataraq rekord səviyyəyə yüksələn qızıl hazırda təxminən 4 172 dollar ətrafında ticarət olunur.
Qazaxıstan Milli Bankı qızılın ehtiyatlardakı payını 75%-ə endirdikdən sonra da bazardakı qiymət dəyişikliklərini və faiz siyasətini izləməyə davam edəcək.
Aliya Moldabekovanın sözlərinə görə, bazar iştirakçıları gələcəkdə qızıl qiymətlərinin yenidən yüksələcəyini gözləyirlər. Buna baxmayaraq, tənzimləyici uzunmüddətli perspektivə dair həddindən artıq sərt planlaşdırma aparmaq niyyətində deyil.
MONETAR.AZ