Süni intellekt "Deutsche Telekom"un xərclərini azaldacaq

Süni intellekt "Deutsche Telekom"un

Deutsche Telekom süni intellekt (Sİ) və avtomatlaşdırma texnologiyalarının 2030-cu ilə qədər şirkətin dolayı xərclərini 2023-cü illə müqayisədə təxminən 2,5 milyard avro azaltmağa imkan verəcəyini gözləyir.

Telekommunikasiya nəhəngi bu texnologiyalardan əsasən xərclərin optimallaşdırılması və lifli-optik şəbəkələrin genişləndirilməsinin maliyyələşdirilməsi məqsədilə istifadə edir. Şirkət daha əvvəl açıqladığı maliyyə proqnozlarını və orta müddətli hədəflərini də təsdiqləyib.

Deutsche Telekom ABŞ-dən kənarda korporativ müştərilərə göstərilən Sİ əsaslı xidmətlərdən əldə olunan gəlirin 2026-cı ildə gözlənilən təxminən 250 milyon avrodan 2030-cu ilə qədər 800 milyon avroya yüksələcəyini proqnozlaşdırır.

Şirkətin planına əsasən, 2027-ci ilə qədər ABŞ-dən kənarda Sİ və avtomatlaşdırma hesabına 2023-cü illə müqayisədə təxminən 1,1 milyard avro ümumi qənaət əldə ediləcək. Bu vəsaitin bir hissəsi rəqəmsal modernləşdirməyə və Almaniyada lifli-optik şəbəkənin genişləndirilməsinə yönəldiləcək.

2023–2027-ci illərdə yalnız Sİ və avtomatlaşdırma hesabına 100-150 milyon avro arasında qənaət əldə olunacağı gözlənilir. Şirkət bu qənaətin lifli-optik şəbəkəyə qoşulan abunəçilərin sayının artırılmasını sürətləndirəcəyini bildirir.

Deutsche Telekom Sİ texnologiyalarını rutin əməliyyatların avtomatlaşdırılmasının mümkün olduğu bir sıra sahələrdə tətbiq edir. Bunlara şəbəkələrin idarə olunması, müştəri xidmətləri, proqram təminatının hazırlanması və inzibati proseslər daxildir.

Şirkətin “Frag Magenta” çat-botu 2026-cı ilin ilk yarısında dəstək xidmətinə daxil olan təxminən 2,6 milyon müraciəti emal edib. ABŞ-də isə dəstək xidmətinə edilən zənglərin sayı 55% azalıb. Hazırda Sİ agentləri müştəri müraciətlərinin təxminən 40%-ni emal edir.

Deutsche Telekom eyni zamanda şirkətlərin və dövlət qurumlarının məxfi məlumatlar üzərində nəzarəti qorumasına imkan verən Sİ xidmətlərinə tələbatın artdığını qeyd edir. Buna nümunə kimi Münhendə fəaliyyət göstərən Industrial AI Cloud platforması göstərilir. Platforma müəssisələrə sənaye modelləşdirməsi aparmağa və Sİ əsaslı prosesləri tətbiq etməyə imkan verir.

Şirkət kiçik və orta biznes üçün də müştəri xidmətləri, logistika və digər proseslərin avtomatlaşdırılmasına yönəlmiş alətlər hazırlayır. Bu istiqamətin gələcəkdə Deutsche Telekom üçün Sİ xidmətləri hesabına əlavə gəlir mənbəyinə çevrilməsi gözlənilir.

MONETAR.AZ