Bakı–Ağdam–Bakı marşrutu üzrə qatarların hərəkəti dayandırılacaq

Bakı–Ağdam–Bakı marşrutu üzrə qatarların

Yevlax–Bərdə dəmir yolu xəttində aparılacaq yenidənqurma işləri ilə əlaqədar Bakı–Ağdam–Bakı marşrutu üzrə qatarların hərəkəti müvəqqəti dayandırılır. Son reyslər mayın 9-u və 10-da həyata keçiriləcək.

Bu barədə Azərbaycan Dəmir Yolları məlumat yayıb.

Bildirilib ki, hərəkətin dayandırılması qeyd olunan hissədə genişmiqyaslı əsaslı təmir və modernləşdirmə işlərinin aparılması ilə bağlıdır. Qeyd olunub ki, xətt 1967-ci ildən bəri kompleks şəkildə yenilənməyib və hazırda müasir texniki və istismar tələblərinə cavab vermir.

Layihə çərçivəsində dəmir yolu xəttinin tam yenidən qurulması, infrastruktur elementlərinin yenilənməsi və hərəkət təhlükəsizliyinin artırılması nəzərdə tutulur.

İşlər başa çatdıqdan sonra qatarların sürətinin artırılması hesabına sərnişinlərin yolda keçirdiyi vaxtın əhəmiyyətli dərəcədə azalacağı, həmçinin daşımaların etibarlılığı və dayanıqlığının yüksələcəyi gözlənilir.

Vurğulanıb ki, bu modernləşdirmə ölkənin dəmir yolu şəbəkəsinin inkişafı və yenilənməsi üzrə kompleks proqramın bir hissəsidir və daha təhlükəsiz, səmərəli sərnişin və yük daşımalarının təmin edilməsinə xidmət edir.