Əvvəllər birbaşa “Ferrari” şirkətinə məxsus olan və müxtəlif jurnalist testlərində istifadə edilən “Ferrari Daytona SP3” superkarı Londonda “RM Sotheby’s” hərracında satışa çıxarılacaq.
Oktyabrın sonunda keçiriləcək hərracda avtomobilin 7,5–9,5 milyon funt-sterlinq (təxminən 9,9–12,5 milyon dollar) qiymətinə satılacağı gözlənilir.
Eksklüziv superkar “Top Gear”, “Motor Sport Magazine”, “Car and Driver” və “Road & Track” kimi nüfuzlu avtomobil nəşrlərinin test yürüşlərində və videoçəkilişlərində istifadə olunub. “Giallo Triplo Strato” sarı rəngində olan avtomobilin salonu “Rosso Ferrari” qırmızı dərisi ilə işlənib. Superkarın yürüşü cəmi 4 744 kilometrdir.
“Ferrari” “Daytona SP3” modelindən cəmi 599 ədəd istehsal edib. Avtomobillərin hamısı satışa çıxarılmadan əvvəl müştərilər arasında bölüşdürülüb.
Şirkət “Tailor Made” fərdiləşdirmə proqramı çərçivəsində bundan əlavə, “599+1” adlandırılan yeganə xüsusi nüsxə də hazırlayıb. Həmin avtomobil 2025-ci ildə Monterreydə keçirilən xeyriyyə hərracında 26 milyon dollara satılıb.
“Daytona SP3” “Ferrari Icona” xüsusi seriyasının üçüncü modelidir. Superkar 840 at gücü hasil edən 6,5 litrlik atmosfer tipli V12 mühərriklə təchiz olunub. Mühərrik maksimum gücə 9 250 dövr/dəqiqədə çatır.
Targa kuzalı modelin dizaynı “Ferrari”nin 1960-cı illərdə dözümlülük yarışlarında iştirak edən əfsanəvi yarış prototiplərindən ilhamlanaraq hazırlanıb.
Qeyd edək ki, 2026-cı ildə Monterrey hərracında “Ferrari Luce” elektrik avtomobili 40 milyon dollara satılaraq hərraclarda satılan yeni avtomobillər arasında rekord müəyyənləşdirib.
MONETAR.AZ