Beynəlxalq Enerji Agentliyinin (BEA) aylıq hesabatına əsasən, Yaxın Şərqdən gələn neftdən yüksək dərəcədə asılı olan Asiya neft emalı zavodları (NEZ) daşınma xərclərinin kəskin artması səbəbindən ciddi maliyyə təzyiqi ilə üzləşiblər. Süpertankerlərlə xam neft daşınmasının tarifləri rekord səviyyələrə yüksələrək regiondakı bəzi emal müəssisələrinin mənfəət marjasını mənfi zonaya salıb.
BEA-nın hesabatında bildirilir ki, Hürmüz boğazında hərbi risklərin və təhlükəsizlik təhdidlərinin artması neft daşımalarının marşrutlarını və logistika sxemlərini mürəkkəbləşdirib. Yüklərin kiçik tankerlərə boşaldılaraq yenidən yüklənməsi kimi əlavə əməliyyatlar da daşınma xərclərinin yüksəlməsinə səbəb olur. Bu vəziyyət xüsusilə Yaxın Şərq neftindən asılı olan Asiya emal müəssisələrinə təsir göstərir.
Fars körfəzindən Asiyaya xam neft daşıyan çox böyük tutumlu tankerlərin (VLCC) fraxt tarifi oktyabrın əvvəlində bir barel üçün təxminən 36 dollara çatıb. Bu, İranla müharibədən əvvəlki səviyyədən beş dəfədən çox yüksək göstəricidir.
Asiya ölkələri Yaxın Şərqdən tədarükün bir hissəsini ABŞ nefti ilə əvəz etməyə çalışsalar da, alternativ marşrutlar da ucuz başa gəlmir. ABŞ-ın Meksika körfəzindən Çinə neft daşınmasının dəyəri bir barel üçün 37 dolları ötüb.
Xam neftin çatdırılma xərclərinin kəskin yüksəlməsi sentyabr ayında orta kükürdlü neft emal edən Asiya zavodlarının emal marjalarına mənfi təsir göstərib. Nəticədə bəzi müəssisələrdə neftin emalından əldə edilən gəlirlilik mənfi zonaya düşüb.
Yüksək logistika xərcləri və zəifləyən mənfəətlilik zavodları istehsal güclərini azaltmaq və ya planlaşdırılmamış texniki xidmət işlərinə başlamaq məcburiyyətində qoya bilər.
Bu proses neft məhsulları bazarında təklifin azalması riskini artırır. Xüsusilə dizel və aviasiya yanacağının tədarükündə mümkün məhdudiyyətlər qlobal bazarda qiymət təzyiqini gücləndirə bilər.
Dəniz daşımalarının bahalaşması təkcə neft idxalçılarının xərclərini artırmır, həm də neft emalı sektorunun gəlirliliyinə və hazır yanacaq məhsullarının təklifinə təsir göstərir.
MONETAR.AZ