Trampdan İrana Hörmüz xəbərdarlığı: Ödənişli keçidi qəbul etmirik

Trampdan İrana Hörmüz xəbərdarlığı:

 ABŞ Prezidenti Donald Trump İranın Hörmüz boğazından kommersiya keçidlərinə görə ödəniş tətbiq etmək cəhdlərini qəbul etməyəcəklərini bildirib.

Ağ evdə jurnalistlərin suallarını cavablandıran Donald Tramp qeyd edib ki, Hörmüz boğazı beynəlxalq su yolu hesab olunur və burada sərbəst keçid təmin edilməlidir.

ABŞ Prezidenti məsələ ilə bağlı məlumatlı olduqlarını vurğulayaraq, “Bu məsələni araşdırırıq. Ödənişli keçid istəmirik, bura beynəlxalq su yoludur”, – deyə bildirib.

Tramp həmçinin İranla danışıqların davam etdiyini, lakin Tehranın nüvə silahı əldə etməsinə imkan verməyəcəklərini söyləyib. O, İran limanlarına tətbiq olunan ABŞ məhdudiyyətlərinin qüvvədə qaldığını və nəzarətin davam etdirildiyini qeyd edib.

ABŞ lideri yüksək səviyyədə zənginləşdirilmiş uranın taleyi ilə bağlı suala cavabında isə həmin materialın İranın əlində qalmasına icazə verilməyəcəyini bildirib.

Qeyd edək ki, Hörmüz boğazı dünya enerji daşımalarının əsas marşrutlarından biri hesab olunur və burada baş verən proseslər beynəlxalq enerji bazarlarına ciddi təsir göstərir.

MONETAR.AZ