Qlobal miqyasda yanacaq qiymətlərinin yüksəlməsi insanların gündəlik nəqliyyat vərdişlərinə təsir göstərməyə başlayıb. 2026-cı ilin əvvəlində Yaxın Şərqdə gərginliyin artması fonunda yanacaq bazarında baş verən bahalaşma bir çox ölkədə alternativ nəqliyyat vasitələrinə keçidi sürətləndirib.
Statistik sorğu nəticələrinə əsasən, bəzi ölkələrdə əhalinin əhəmiyyətli hissəsi yanacaq qiymətlərinin artması səbəbindən şəxsi avtomobildən daha çox ictimai nəqliyyat, velosiped və digər alternativ vasitələrə üstünlük verməyə başlayıb.
Ən yüksək dəyişiklik Asiya ölkələrində qeydə alınıb. Filippində respondentlərin 36 faizi, Hindistanda isə 32 faizi yanacaq bahalaşmasının nəqliyyat seçimlərini dəyişdirdiyini bildirib.
Avropa ölkələrində də oxşar tendensiya müşahidə olunur. Finlandiyada bu göstərici 30 faiz, İtaliyada 26 faiz təşkil edib. Kanada və Almaniyada 20 faiz, ABŞ-da 18 faiz, Böyük Britaniyada isə 17 faiz əhali nəqliyyat davranışlarında dəyişiklik etdiyini qeyd edib.
Mütəxəssislər bildirirlər ki, yanacaq qiymətlərinin uzunmüddətli artımı şəhər nəqliyyat sistemlərində ictimai nəqliyyatın rolunu gücləndirə və elektrikli nəqliyyat vasitələrinə marağı artıra bilər.
Analitiklərin qənaətinə görə, bu tendensiya gələcəkdə enerji səmərəli nəqliyyat həllərinə keçidi daha da sürətləndirə bilər.