Buğda fyuçersləri əvvəlki gün ABŞ–İran atəşkəsi ilə bağlı xəbərlərin yaratdığı optimizmdən sonra itkilərinin bir hissəsini bərpa edərək yenidən artım nümayiş etdirib. Bloomberg-in məlumatına görə, investorlar atəşkəsin kövrəkliyindən ciddi narahatdırlar: razılaşmanın pozulması təchizat zəncirlərində yeni fasilələrə və aqrar sektor üçün əsas resursların qiymətində nəzarətsiz artıma səbəb ola bilər.
“Futures International” broker şirkətinin xammal üzrə direktoru Co Devis bildirib ki, hazırda bazarda klassik “ucuzlaşmadan sonra alış” (buy the dip) tendensiyası müşahidə olunur. Lakin onun fikrincə, atəşkəsin statusu ətrafında diplomatik mübahisələr əslində “istənilən halda gərginliyin artmasıdır”.
Buğda azot tələb edən bitki olduğuna görə onun istehsalı gübrələrin stabil tədarükündən ciddi şəkildə asılıdır. Buna görə də Hörmüz boğazı ətrafındakı vəziyyət buğda bazarına birbaşa təsir göstərir.
Devisin sözlərinə görə, bazar artıq quraqlıq və əkin sahələrinin vəziyyətinin pisləşməsi səbəbindən “bullish” (artım yönümlü) mövqedə idi. Məhz buna görə də atəşkəs xəbərləri ilə yaranan qiymət minimumundan sonra buğda qarğıdalı və soya ilə müqayisədə daha yaxşı dinamika nümayiş etdirir.
Ticarət sessiyasında aparıcı buğda fyuçersləri anlıq olaraq 0,7%-dək artaraq çərşənbə günü atəşkəs xəbərləri ilə yaranan kəskin enişin bir hissəsini kompensasiya edib.