Dünya bazarlarında qızılın qiyməti ABŞ Federal Ehtiyat Sisteminin (FED) müstəqilliyi ilə bağlı yaranmış narahatlıqlar və İranda davam edən kütləvi etiraz aksiyalarının təsiri nəticəsində rekord səviyyəyə yüksəlib.
Bazar ertəsi günü külçə qızılın qiyməti 4 600 dollara yaxınlaşıb, gümüş isə bütün zamanların ən yüksək göstəricisinə çatıb.
Qiymət artımına əsas səbəb kimi ABŞ Ədliyyə Departamentinin Federal Ehtiyat Sistemini cinayət araşdırması ilə hədələməsi göstərilir. Bu addım qurumun müstəqilliyinə dair ciddi şübhələr yaradıb. Fed sədri Cerom Pauell bəyan edib ki, mümkün ittiham aktı administrasiyanın mərkəzi bankın faiz qərarlarına təsir göstərmək cəhdləri çərçivəsində qiymətləndirilməlidir. Tramp administrasiyasının FED-ə qarşı kəskin tənqidləri dolların etibarlılığını zəiflədən əsas amillərdən biri kimi çıxış edir.
Eyni zamanda, İranda can itkisi ilə müşayiət olunan etiraz dalğasının genişlənməsi ölkənin siyasi gələcəyinə dair qeyri-müəyyənliyi artırıb. Bu vəziyyət investorların “təhlükəsiz liman” kimi qiymətli metallara olan tələbatını gücləndirib. ABŞ Prezidenti Donald Trampın İranla bağlı müxtəlif variantları nəzərdən keçirməsi, habelə NATO-nun rolu və Qrenlandiya ilə bağlı bəyanatları bazarlarda gərginliyi artıran faktorlar sırasındadır.
“Saxo Markets”in Sinqapur üzrə baş investisiya strateqi Çaru Çanana mövcud vəziyyəti geosiyasi risklər, iqtisadi artım və faiz dərəcələri ətrafındakı müzakirələrlə şərtlənən “yeni qeyri-müəyyənlik dalğası” kimi xarakterizə edib.
Gümüşün qiyməti də bənzər amillərin təsiri ilə təxminən 4 faiz artaraq tarixi rekord həddə yaxınlaşıb. “Fitch Solutions”un tərkibindəki BMI analitik mərkəzinin hesabatına görə, gümüş bazarında təklif çatışmazlığı 2026-cı il boyu davam edə bilər. Artan investisiya və sənaye tələbi fiziki bazarda ciddi sıxlığa səbəb olub.
Son rəqəmlərə əsasən, qızılın bir unsiyası 1,3 faiz artaraq 4 567,87 dollara yüksəlib. Paralel olaraq, gümüş 3,5 faiz, palladium və platin isə təxminən 3 faiz bahalaşıb. “Bloomberg”in dollar indeksi isə 0,2 faiz geriləyib.
MONETAR.AZ