ABŞ-da Federal Ehtiyat Sisteminin (FES) müstəqilliyi ilə bağlı yaranmış narahatlıqlar qlobal maliyyə bazarlarında kəskin dalğalanmalara səbəb olub. Prezident Donald Tramp administrasiyasının FES sədri Cerom Pauelli cinayət təhqiqatı ilə hədələməsi fonunda qızılın qiyməti tarixi rekord səviyyəyə yaxınlaşıb.
Qızıl külçələrinin qiyməti əvvəlki sessiyada 2 faiz artdıqdan sonra hazırda bir unsiya üçün 4593 dollar civarında qərarlaşıb. Bazar ertəsi günü qızılın qiyməti qısa müddət ərzində 4600 dollar həddini keçərək bütün zamanların ən yüksək səviyyəsini qeyd edib.
Gərginliyin əsas səbəbi ABŞ Ədliyyə Nazirliyinin Cerom Pauellə qarşı bina təmiri ilə bağlı verdiyi konqres ifadələrinə görə cinayət təhqiqatına başlamasıdır. FES sədri bu addımı mərkəzi banka faiz dərəcələrini kəskin şəkildə aşağı salması üçün təzyiq göstərmək cəhdi və "bəhanə" adlandırıb.
Prezident Donald Trampın Mərkəzi Bankın pul-kredit siyasətinə müdaxilə etmək istəyi investorlar arasında dolların etibarlılığına dair ciddi şübhələr yaradıb. Bu vəziyyət investorların ABŞ dolları və siyasi şoklara həssas digər aktivləri sataraq, qızıl kimi "təhlükəsiz liman" aktivlərinə yönəlməsinə səbəb olub.
Administrasiyanın bu addımı təkcə müxalifət tərəfindən deyil, həm də hakim Respublikaçılar Partiyasının bəzi üzvləri və Xəzinədarlıq naziri Skott Bessent tərəfindən narahatlıqla qarşılanıb. Onlar Pauellə qarşı bu cür təzyiqlərin bazarlarda xaosa və ABŞ-ın maliyyə nüfuzuna xələl gətirə biləcəyi barədə xəbərdarlıq ediblər.
Mövcud geosiyasi və daxili siyasi riskləri dəyərləndirən dünyanın aparıcı banklarından biri olan “Citigroup” iddialı proqnozla çıxış edib. Bankın analitikləri yaxın üç ay ərzində qızılın bir unsiyasının 5000 dollara, gmüşün isə 100 dollara çatacağını proqnozlaşdırırlar.
MONETAR.AZ