Enerji və kənd təsərrüfatı məhsulları bazarlarında nələr baş verdi?

Enerji və kənd təsərrüfatı məhsulları

Ötən həftə qlobal əmtəə bazarlarında ötən həftə fərqli qiymət dinamikası müşahidə olunub. Enerji bazarlarında neft qiymətləri artım nümayiş etdirərkən, təbii qaz bazarında zəifləmə diqqət çəkib. Kənd təsərrüfatı əmtəələrində isə hava şəraiti, tələbat və təkliflə bağlı risklərin təsiri ilə qarışıq mənzərə formalaşıb.

Analitiklərin fikrincə, neft bazarında yüksək ehtiyat səviyyələri və qlobal tələbat görünüşünün zəifləməsi təklifdə ciddi fasilələr yaranacağına dair gözləntiləri məhdudlaşdırır. Buna baxmayaraq, geosiyasi risklər və bazardakı spekulyativ hərəkətlər qiymətlərin dəstəklənməsinə səbəb olub. Nəticədə, Brent markalı neftin bir barelinin qiyməti həftəlik müqayisədə 3,3 faiz artıb.

Təbii qaz bazarında isə əks istiqamətli dinamika qeydə alınıb. Yanvar ayında hava temperaturunun mövsüm normalarından yüksək olacağına dair proqnozlar, eləcə də zəif tələbat gözləntiləri qiymətləri aşağı istiqamətdə təzyiq altında saxlayıb. Bu amillərin təsiri ilə Nyu-York Ticarət Birjasında təbii qazın İngilis termal vahidi (MMBtu) üzrə qiyməti həftə ərzində 12,4 faiz azalıb.

Bununla yanaşı, JPMorgan bankının açıqladığı hesabatda qeyd olunub ki, 2026-cı ildə mayeləşdirilmiş təbii qazın (LNG) ixracına bağlı tələbat artımı ilin sonrakı mərhələlərində təbii qaz qiymətlərinə dəstək verə bilər. Bank analitikləri hesab edirlər ki, yeni LNG terminallarının işə düşməsi qlobal qaz bazarında tələbatı artıracaq.

Kənd təsərrüfatı əmtəələri bazarlarında isə həftə ərzində dalğalı, lakin ümumilikdə müsbət meyil müşahidə olunub. ABŞ-da hava şəraiti, Çinin idxal siyasəti və Qara dəniz regionu ilə bağlı təklif riskləri qiymətlərə təsir edən əsas amillər olub. Ötən ilin sonundakı ucuzlaşmadan sonra Çikaqo Ticarət Birjasında buğda, qarğıdalı və soya paxlası qiymətlərində artım tendensiyası ön plana çıxıb. Lakin zəif ABŞ ixrac göstəriciləri qiymət artımını qismən məhdudlaşdırıb.

Soya paxlası bazarı xüsusilə hava şəraitinə həssas olub. Braziliyanın Orta-Qərb bölgələrində yağıntıların normadan az olması və yanvar ayında müşahidə edilən yüksək temperatur dalğasının məhsuldarlığa mənfi təsir göstərə biləcəyi ilə bağlı narahatlıqlar həftənin ilk günlərində qiymətləri dəstəkləyib.

Düyü bazarında isə qlobal təklif bolluğu qiymətlər üzərində təzyiq yaratmaqda davam edib. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, 2025–2026-cı mövsümdə dünya üzrə düyü istehsalının 1,2 faiz artaraq 556,4 milyon tonla rekord səviyyəyə çatacağı proqnozlaşdırılır.

Bu amillərin təsiri ilə Çikaqo Ticarət Birjasında həftə ərzində kile başına qiymətlər düyüdə 6,1 faiz, buğdada 2,4 faiz, qarğıdalıda 1,8 faiz, soya paxlasında isə 1,6 faiz artıb.

Digər tərəfdən, ABŞ-da fəaliyyət göstərən Intercontinental Exchange birjasında libre üzrə qiymətlər qəhvədə 0,4 faiz azalıb. Şəkər qiymətləri 2 faiz, pambıq isə 0,7 faiz bahalaşıb. Kakao bazarında isə kəskin ucuzlaşma müşahidə olunub və ton başına qiymət həftəni 9,5 faiz azalma ilə başa vurub.

Mütəxəssislər bildirirlər ki, qarşıdakı dövrdə əmtəə bazarlarında qiymətlərin istiqaməti əsasən hava şəraiti, qlobal iqtisadi artım tempinə dair gözləntilər və geosiyasi amillərdən asılı olacaq.

Monetar.az