Qlobal qıtlıq və qiymət artımı: Çin alüminiumu dünya bazarına axır

Qlobal qıtlıq və qiymət artımı: Çin alüminiumu

Dünya alüminium bazarında qiymətlərin kəskin yüksəlməsi qlobal metal axınlarının istiqamətini dəyişir. ABŞ-ın Bloomberg agentliyinin təhlilinə görə, beynəlxalq birjalardakı yüksək qiymətlər dünyanın ən böyük istehsalçısı olan Çindən rekord həcmdə metal ixracını stimullaşdırır. Çinin daxili bazarında qiymətlərin yüksək olması yerli istehlakı məhdudlaşdırdığı üçün istehsalçılar xarici bazarlara üz tuturlar.

Hazırda London Metal Birjasında (LME) alüminium qiymətləri Şanxay fyuçerslərinə (SHFE) nisbətən son dövrlərin ən yüksək premiumu (qiymət fərqi) ilə ticarət olunur. Bu fərq 2022-ci ilin martından bəri ən yüksək göstəricidir.

Beynəlxalq bazarlarda alüminiumun qiymətini son 4 ilin maksimumuna çatdıran bir neçə fundamental faktor mövcuddur:

  • Geosiyasi risklər: Yaxın Şərqdə alovlanan müharibə və münaqişələr səbəbindən dünyanın əsas alüminium istehsalı regionlarından tədarük zənciri ciddi şəkildə pozulub.

  • Təklif çatışmazlığı: Beynəlxalq bazarda yaranan qəfil qıtlıq birja qiymətlərini yuxarı doğru itələyir.

  • Çində istehsalın azalması qorxusu: Pekinin tətbiq etdiyi sərt ekoloji normativlər, enerji istehlakının məhdudlaşdırılması və emissiya hədəfləri səbəbindən yerli əritmə zavodlarının istehsalı azalda biləcəyi narahatlığı birjalarda ajiotaj yaradıb.

Yaranmış vəziyyətdən ən çox qazanan tərəf Çin istehsalçılarıdır. Beynəlxalq qiymətlərin cazibədarlığı fonunda ixrac statistikasında kəskin sıçrayış qeydə alınıb. Çinin alüminium ixracı təkcə aprel ayında 15% artaraq 598 000 tona çatıb. Bu, 2024-cü ilin noyabrından bəri qeydə alınan ən yüksək aylıq həcmdir. Pekində yerləşən Beijing Aladdiny Zhongying Business Consulting analitiki Çju Lyanminin proqnozuna görə, yaxın aylarda ixrac həcmi tarixi rekord səviyyəyə — 680 000 tona qədər yüksələ bilər.

Qlobal miqyasda Çin alüminiumunun xüsusi növlərinə tələbat pik həddədir. Bu artımda Çin dövlətinin vergi güzəştləri siyasəti də mühüm rol oynayır. Xüsusilə qlobal elektrik şəbəkələrinin qurulmasında və yenilənməsində istifadə olunan bu çubuqlar Pekinin son ixrac güzəştləri dəyişikliklərindən (məhdudiyyətlərindən) azad edildiyi üçün xaricə sürətlə satılır.

 Avtomobil təkər disklərinin istehsalında istifadə edilən xüsusi ərintilərə tələb çox yüksəkdir. Eyni zamanda, Henan əyalətində yerləşən istehsal mərkəzində bir çox emal müəssisələri tam gücü ilə işləyərək elektromobil batareyaları üçün tələb olunan ultranazik folqa sifarişlərini çatdırmağa çalışır.

Qlobal miqyasda xammal çatışmazlığı yaşansa da, Çin şirkətləri bu problemdən böyük ölçüdə qorunublar. Ölkədə ümumi iqtisadi artımın zəifləməsi daxili tələbi aşağı saxlayır, bu isə zavodların əlindəki bütün sərbəst resursları xarici bazarlara yönəltməsinə ideal şərait yaradır.

MONETAR.AZ