Yaxın Şərqdə davam edən münaqişə qlobal əmtəə bazarlarında yüksək volatilliyi saxlayır. Xüsusilə Hörmüz boğazı ətrafında yaranmış risklər neft və digər xammal məhsullarının qiymətlərinə ciddi təsir göstərir.
Hazırda Brent markalı neft təxminən 90–95 dollar/barel intervalında ticarət olunur. Eyni zamanda mis və alüminium kimi sənaye metallarında da yüksək qiymət səviyyələri müşahidə edilir.
Analitiklərin fikrincə, Hörmüz boğazında yaranmış məhdudiyyətlər neft təchizat zəncirini ciddi risk altına alıb. Bu boğazdan keçən ixrac marşrutlarının pozulması bazarda təklifin azalmasına və qiymətlərin yüksək səviyyədə qalmasına səbəb olur. Uzunmüddətli gərginlik halında qlobal neft ehtiyatlarının azalması və bazarda təchizat çatışmazlığı riski artır.
Bazar iştirakçıları OPEC və OPEC+-in növbəti addımlarını diqqətlə izləyir. Məlumatlara görə, alyans iyul ayında hasilat kvotasını gündəlik təxminən 188 min barrel artırmağı müzakirə edir. Ekspertlər hesab edirlər ki, bu artım qısa müddətdə qiymətlərə ciddi təsir göstərməyəcək, çünki fiziki təchizat məhdudiyyətləri əsas amil olaraq qalır.
Analitiklərin proqnozlarına görə, münaqişənin lokallaşması halında Brent nefti 80–90 dollar/barel səviyyəsinə enə bilər. Uzunmüddətli gərginlik davam edərsə, qiymətlər 90–100 dollar/barel intervalında qala bilər. Ən riskli ssenaridə isə, yəni enerji şoku və ciddi təchizat pozuntusu baş verərsə, Brent 110–120 dollar/barel səviyyəsinə qədər yüksələ bilər.
Mütəxəssislərin ümumi fikrincə, hazırkı qiymət sabitliyi keçici xarakter daşıyır. Hörmüz boğazındakı vəziyyət və OPEC və OPEC+-in qərarları yaxın dövrdə qlobal enerji bazarının əsas istiqamətini müəyyən edəcək.
MONETAR.AZ