Bu gün Beynəlxalq Tələbə Günü qeyd olunur. İlk baxışdan gənclik, dostluq və tələbəlik illərinin sevinci ilə əlaqələndirilən bu tarixin yaranması əslində faciəli tarixi hadisələrə əsaslanır.
Monetar.az xəbər verir ki, Beynəlxalq Tələbə Günü 1946-cı ildə Praqada keçirilən beynəlxalq tələbələr konqresində təsis edilib. Tarix 1939-cu ildə Çexoslovakiyada faşist işğalına qarşı çıxan tələbələrin xatirəsinə həsr olunub.
Faciəli hadisələr 1939-cu il oktyabrın 28-də, Çexoslovakiyanın Respublika Günü münasibətilə keçirilən nümayişlər zamanı başlayıb. Küçələrə çıxan tələbə və müəllimlər faşist qüvvələrinin zorakılığı ilə üzləşiblər. Etirazlar zamanı tələbə Yan Opletal ölümcül yaralanıb və noyabrın 11-də həyatını itirib.
Onun noyabrın 15-də keçirilən dəfn mərasimi işğalçı qüvvələrə qarşı etiraz aksiyasına çevrilib. Buna cavab olaraq noyabrın 17-də nasist hakimiyyəti Çexiyanın ali təhsil müəssisələrini bağlayıb, 1200-dən çox tələbəni həbs edərək konslagerlərə göndərib. Tələbə hərəkatının 9 fəalı isə məhkəməsiz edam olunub.
1946-cı ildə Praqada keçirilən beynəlxalq tələbələr konqresində noyabrın 17-si həmin tələbələrin xatirəsinə Beynəlxalq Tələbə Günü elan edilib.
Bu gün dünyanın müxtəlif ölkələrində tələbələrin həmrəyliyini, təhsil hüququnu və gənclərin cəmiyyətdəki rolunu simvolizə edir.