17 Noyabr Milli Dirçəliş Günüdür

17 Noyabr Milli

Bu gün Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur. 1988-ci il noyabrın 17-də Bakının Azadlıq meydanında başlayan kütləvi xalq mitinqləri ölkənin müstəqillik mübarizəsinin əsas mərhələlərindən birinə çevrilib.

Monetar.az xəbər verir ki, Milli Dirçəliş Günü Azərbaycan xalqının milli azadlıq hərəkatının güclənməsi və müstəqil dövlətçilik ideyasının geniş yayılması ilə bağlıdır.

1980-ci illərin sonlarında Sovet İttifaqında siyasi və iqtisadi böhran dərinləşirdi. Eyni zamanda, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və Qarabağ ətrafında baş verən hadisələr ölkədə narazılığı artırırdı. Ermənilərin Topxana meşəsində törətdikləri hadisələr və Ağdamda iki azərbaycanlının qətlə yetirilməsi xalqın etirazlarının daha da güclənməsinə səbəb oldu.

1988-ci il noyabrın 17-də Bakının Azadlıq meydanında başlayan mitinqlərdə yüz minlərlə insan iştirak edirdi. İlk mərhələdə Qarabağ ətrafında baş verən hadisələrə etiraz məqsədi daşıyan aksiyalar sonradan milli azadlıq və müstəqillik tələblərinin səsləndirildiyi ümumxalq hərəkatına çevrildi.

Milli Dirçəliş tarixində mühüm hadisələrdən biri də 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında baş verdi. Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvanın dövlət bayrağı kimi qəbul edilməsi barədə qərar verildi. Eyni zamanda, onun Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi üçün respublika Ali Soveti qarşısında vəsatət qaldırıldı.

Bu hadisə Azərbaycanın müstəqillik tarixində mühüm addımlardan biri oldu. 1991-ci il oktyabrın 18-də isə Azərbaycan dövlət müstəqilliyini bərpa etdi.

Milli Dirçəliş Günü xalqın azadlıq iradəsini, milli birliyini və müstəqil dövlət qurmaq əzmini ifadə edən əlamətdar tarix kimi qeyd olunur.