Azərbaycanda oktyabrın 2-dən 5-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi rayonlarda yağıntının leysan xarakterli və intensiv olacağı, dağlıq ərazilərdə isə qar yağacağı ehtimal olunur.
Monetar.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Mərkəzi Aran, Quba-Qusar və Dağlıq Şirvan bölgələrinin bəzi rayonlarında güclü yağıntı, şimşək çaxması və dolu gözlənilir.
Oktyabrın 2-si axşam və 3-də bəzi yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur. Dağlıq ərazilərdə qar yağacağı bildirilir.
Yağıntılı hava şəraiti çaylarda sululuğun artmasına səbəb olacaq. Böyük və Kiçik Qafqaz, Lənkəran-Astara bölgəsi və Naxçıvan Muxtar Respublikasının bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal edilir.
Havanın temperaturunun əvvəlki günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı düşəcəyi gözlənilir.