Ağdam Sənaye Parkında yağ istehsalı müəssisəsi yaradılacaq

Ağdam Sənaye Parkında yağ istehsalı

“Ağdam Agro Yağ” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti statusu verilib.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, şirkət parkın ərazisində investisiya dəyəri 14,2 milyon manat olan yağ istehsalı müəssisəsi yaratmağı planlaşdırır.

Layihə çərçivəsində rafinə edilmiş və rafinə edilməmiş günəbaxan, qarğıdalı, soya və pambıq yağlarının istehsalı nəzərdə tutulur.

Qeyd edək ki, Ağdam Sənaye Parkı Prezidentin 28 may 2021-ci il tarixli Fərmanı ilə Ağdam rayonunda 190 hektar ərazidə yaradılıb. Parkın əsas məqsədi işğaldan azad edilmiş ərazilərin iqtisadi dirçəldilməsi, Qarabağın sənaye potensialının inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır.

Parkın prioritet istiqamətlərinə tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservlərinin, ət, süd, yem və gübrənin istehsalı və emalı, həmçinin müxtəlif xidmət sahələrinin və soyuducu kameraların təşkili daxildir.

Ağdam Sənaye Parkında rezidentlər üçün əlverişli investisiya mühiti yaradılıb. Belə ki, rezidentlər 10 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergisindən tam azaddırlar. İstehsal məqsədilə idxal olunan texnika, avadanlıq və xammal da 10 il müddətinə ƏDV və gömrük rüsumlarından azad edilir.

Bundan əlavə, sahibkarlar üçün sosial sığorta haqlarının subsidiyalaşdırılması və digər stimullaşdırıcı tədbirlər tətbiq olunur.

Rezidentlərinin sayına görə ölkədə ikinci yerdə olan Ağdam Sənaye Parkında istehsal edilən məhsullar həm daxili bazara yönəldilir, həm də ixrac olunur.