Çikaqo birjasında buğda fyuçersləri bu gün ardıcıl ikinci sessiyada bahalaşıb. Səudiyyə Ərəbistanının yeni idxal tenderi elan etməsi bazarda əhval-ruhiyyəni yaxşılaşdırıb və qiymətlərin yeddi həftəlik minimumdan uzaqlaşmasına səbəb olub. Dolların möhkəmlənməsi isə artımı məhdudlaşdırıb.
Çikaqo Əmtəə Birjasında (CBOT) ən çox ticarət olunan buğda müqaviləsi Bakı vaxtı ilə saat 15:55 radələrində 0,7 faiz bahalaşaraq bir buşel üçün 6,87-3/4 dollara yüksəlib. Beləliklə, qiymət cümə axşamı qeydə alınan yeddi həftəlik minimumdan – 6,70-3/4 dollardan bərpa olunub.
Səudiyyə Ərəbistanı dünən noyabr və dekabr tədarükləri üçün 535 min metrik ton buğda almaq niyyətində olduğunu açıqlayıb. Treyderlər tenderi qiymətlərin son enişindən sonra tələbatın artacağına dair siqnal kimi qiymətləndiriblər. Qeyd edək ki, ölkə sentyabrın 7-də keçirilən əvvəlki tenderi yüksək qiymətlər səbəbindən ləğv etmişdi.
Bu arada, qarğıdalı fyuçersləri ABŞ Kənd Təsərrüfatı Nazirliyinin (USDA) çərşənbə günü açıqladığı hesabatın təsiri ilə altı həftəlik minimuma yaxınlaşıb. Hesabata görə, ABŞ-da qarğıdalı ehtiyatları gözləntilərdən yüksək olub.
Soya fyuçersləri də ucuzlaşıb. Buna ABŞ-da rekord həcmdə məhsul yığılacağı ilə bağlı proqnozlar təsir göstərib.
İnvestorlar isə faiz dərəcələrinin gələcək istiqamətini müəyyənləşdirmək üçün ABŞ-da aylıq məşğulluq göstəricilərinin açıqlanmasını gözləyiblər.
MONETAR.AZ