Stellantis konserni həddindən artıq qızma və ya yanğın zamanı elektromobilin yüksəkgərginlikli batareyasını sürətlə fiziki şəkildə ayırmağa və söndürməyə imkan verən sistem patentləşdirib.
Müvafiq texnologiya ABŞ Patent və Əmtəə Nişanları İdarəsinə təqdim olunan müraciətdə təsvir edilib. Carscoops yazır ki, sistem fövqəladə hallar, o cümlədən batareyada termiki alovlanma baş verdikdə istifadə üçün nəzərdə tutulub.
Patentə əsasən, belə vəziyyətdə batareya xüsusi mexanizmlər, o cümlədən pirotexniki elementlər vasitəsilə avtomobildən mexaniki şəkildə ayrılaraq kuzovdan kənara çıxarıla bilər. Bununla təhlükəli batareya modulunun avtomobildən uzaqlaşdırılması və yanğın riskinin azaldılması hədəflənir.
Patentdə nəzərdə tutulan mexanizmin aktivləşdirilməsinin bir neçə variantı var. Sistem avtomatik şəkildə işə düşə və ya sürücü tərəfindən mexaniki olaraq aktivləşdirilə bilər. Prosedurun salon və ya baqaj hissəsindən düymə, dəstək və digər çeviricilər vasitəsilə başladılması da mümkündür.
Batareya blokunun ayrılmasından sonra avtomobilin qısamüddətli hərəkət imkanını 12-voltluq ehtiyat qidalanma sistemi hesabına saxlaması nəzərdə tutulur. Patentdə qeyd olunur ki, aşağıgərginlikli batareya avtomobilin təhlükəli yüksəkgərginlikli akkumulyator modulundan təhlükəsiz məsafəyə uzaqlaşdırılmasına imkan verə bilər.
Stellantis hələlik patentləşdirilən texnologiyanın seriyalı avtomobillərdə tətbiq ediləcəyi ilə bağlı açıqlama verməyib.
MONETAR.AZ