ABŞ Prezidenti Donald Tramp bildirib ki, Cənubi Koreya ilə ticarət sazişi çərçivəsində ABŞ-da neft hasilatı layihəsinə 8,4 milyard dollarlıq investisiya nəzərdə tutulur.
Tramp bu barədə “Truth Social” platformasında yazıb. Onun sözlərinə görə, vəsait ABŞ-da neft və qaz hasilatının artırılmasına yönələcək layihənin həyata keçirilməsinə sərf olunacaq.
Bu açıqlama Tramp administrasiyasının Cənubi Koreya ilə iqtisadi və investisiya razılaşmaları üzrə son addımlarından biri olub. Məsələ ABŞ-da noyabrda keçiriləcək aralıq seçkiləri ərəfəsində, həmçinin İranla müharibə və yanacaq qiymətlərinin artması ilə bağlı narahatlıqların gündəmdə olduğu bir vaxtda açıqlanıb.
Tramp həftənin əvvəlində Cənubi Koreyanın ABŞ layihələrinə təxminən 200 milyard dollar sərmayə yatırmağı planlaşdırdığını açıqlamışdı. Seul isə sonradan bildirib ki, paketin əsas elementlərindən biri olan Alyaskadakı LNG layihəsi üçün nəzərdə tutulan 54 milyard dollarlıq kəmərlə bağlı müzakirələr hələ davam edir.
İnvestisiya planlarına səkkiz iri atom elektrik stansiyasının, qaz kəmərinin və Texasda ümumi gücü 6 giqavat olan enerji istehsalı obyektinin tikintisi də daxildir.
Ağ Ev bu layihələri Cənubi Koreyanın ötən il ABŞ-la bağladığı ticarət sazişi çərçivəsində öhdəsinə götürdüyü 350 milyard dollarlıq strateji investisiya paketinin ilk böyük addımları kimi təqdim edib.
Paketə gəmiqayırma sənayesi üçün 150 milyard dollar, digər strateji investisiyalar üçün isə 200 milyard dollar ayrılması nəzərdə tutulur.
MONETAR.AZ