Doqquz aparıcı Avropa əczaçılıq şirkətinin rəhbəri regionun ABŞ və Çinlə rəqabətdə mövqelərini itirməsi ilə bağlı xəbərdarlıq edib. Şirkət rəhbərləri Avropa hakimiyyət orqanlarını əczaçılıq sektoruna investisiyaların artırılması və innovasiyalar üçün daha əlverişli şərait yaradılması istiqamətində addımlar atmağa çağırıblar.
Açıq məktubu imzalayan şirkətlər arasında AstraZeneca, Boehringer Ingelheim, Chiesi Group, Ipsen, GSK, Novo Nordisk, Novartis, Roche və Sanofi yer alır.
Məktub müəlliflərinin bildirdiyinə görə, son iki ildə ABŞ və Çində 600 milyard dollardan çox əczaçılıq investisiyası elan edilib. Eyni dövrdə Avropanın qlobal farmasevtika tədqiqat və işləmələr (R&D) bazarındakı payı azalmağa davam edib.
1990-cı ildə qlobal əczaçılıq R&D xərclərinin 43 faizi Avropanın payına düşürdüsə, hazırda bu göstərici 31 faizdir.
Avropanın kommersiya kliniki tədqiqatlarındakı payı son on il ərzində təxminən yarıbayarı azalaraq 9 faizə düşüb.
Şirkət rəhbərləri bildirirlər ki, Çin eyni dövrdə kliniki tədqiqatların sayı, əczaçılıq patentləri və yeni dərmanların hazırlanması sahələrində Avropanı geridə qoyub.
Məktub müəlliflərinin hesablamalarına görə, yalnız kliniki tədqiqatlar sahəsində ABŞ və Çinlə mövcud fərqin azaldılması Avropa iqtisadiyyatına 53 milyard avro gəlir gətirə və 82 min iş yeri yarada bilər.
Əczaçılıq şirkətləri Avropada innovativ müalicə üsullarının pasiyentlər üçün əlçatanlığı ilə bağlı problemlərə də diqqət çəkirlər.
Onların məlumatına görə, təsdiqlənmiş yeni müalicə üsullarının təxminən 40 faizi Avropadakı pasiyentlər üçün əlçatan olmur. Bazara çıxarılan yeni terapiyalar üçün orta gözləmə müddəti isə təxminən 600 günə çatıb.
Şirkətlər bu vəziyyəti dərman təminatının maliyyələşdirilməsi və innovasiyaların qiymətləndirilməsi ilə bağlı mövcud yanaşmalarla əlaqələndirirlər.
Məktubda qeyd olunur ki, yeni dərmanın hazırlanması 10 ildən çox davam edə və yüksək risk şəraitində təxminən 3 milyard avro investisiya tələb edə bilər. Hər 10 min namizəd birləşmədən isə orta hesabla yalnız biri və ya ikisi bazara çıxır.
Əczaçılıq şirkətlərinin rəhbərləri Avropanın rəqabət qabiliyyətini artırmaq üçün bir sıra tədbirlər təklif edirlər. Bunlara kliniki tədqiqat prosedurlarının sürətləndirilməsi, əqli mülkiyyətin daha effektiv qorunması və rəqəmsal sahədə tənzimləmənin uyğunlaşdırılması daxildir.
Bundan başqa, şirkətlər Aİ ölkələrinə səhiyyənin və innovativ dərmanların maliyyələşdirilməsi üçün daha çox büdcə çevikliyi verilməsini təklif edirlər.
Şirkət rəhbərlərinin fikrincə, əsas qərarlar milli hakimiyyət orqanlarından asılıdır. Buraya səhiyyə xərclərinin həcmi, yeni dərmanların qiymətləndirilməsi və maliyyələşdirilməsinin sürəti, eləcə də tibbi yardım sisteminin modernləşdirilməsi daxildir.
Əczaçılıq şirkətləri müasir dərmanların energetika və müdafiə sahələri ilə yanaşı strateji əhəmiyyətli infrastruktur kimi nəzərdən keçirilməsini təklif edirlər.
MONETAR.AZ