Neft qiymətləri cümə günü kəskin ucuzlaşaraq 100 dollar/barel psixoloji həddindən aşağı düşüb. CNBC-nin məlumatına görə, bazara əlavə dizel və xam neft ehtiyatlarının çıxarıla biləcəyi barədə xəbərlər, eləcə də ABŞ-ın dizel ixracına qadağa tətbiq edə biləcəyi ilə bağlı narahatlıqların azalması qiymətlərə təzyiq göstərib.
Dekabr tədarüklü Brent nefti 2,5 faiz ucuzlaşaraq 99,78 dollar/barelə, noyabr tədarüklü ABŞ WTI nefti isə 3,7 faiz geriləyərək 89,42 dollara düşüb.
Bir gün əvvəl hər iki neft markası ABŞ-ın Yaxın Şərqə üçüncü aviadaşıyıcı zərbə qrupunu göndərməsi barədə xəbərlər fonunda bahalaşmışdı.
1. Fövqəladə neft və dizel ehtiyatlarının bazara çıxarılması
Neft bazarındakı əsas təzyiq mənbələrindən biri Reuters-in yaydığı məlumat olub. Agentliyin anonim mənbəyə istinadən verdiyi xəbərə görə, Avropa İttifaqı ölkələri Fransanın 50 milyon barel dizelin bazara çıxarılması təklifini müzakirə edir.
Bundan başqa, Beynəlxalq Enerji Agentliyinin üzvlərinin daha 50 milyon barel xam nefti bazara çıxara biləcəyi bildirilir. Təşəbbüs ABŞ-ın Avropaya təzyiqi fonunda gündəmə gəlib.
ABŞ Maliyyə naziri Skott Bessent avropalı tərəfdaşları üzərlərinə götürdükləri öhdəlikləri daha sürətlə həyata keçirməyə çağırıb. Aİ cümə günü məsələ ilə bağlı təcili məsləhətləşmələr keçirir.
2. ABŞ-ın dizel ixracına qadağa ehtimalı zəifləyib
Bazar iştirakçıları Vaşinqtonun mövqeyindəki yumşalmanı da qiymətlərə təsir edən amil kimi nəzərə alırlar. ABŞ Prezidenti Donald Tramp daha əvvəl dizel ixracına qadağa tətbiq edilə biləcəyini dəfələrlə gündəmə gətirsə də, strateji əhəmiyyət daşıyan Hörmüz boğazından neft tədarükünün bərpasından sonra bu mövqenin yumşaldığı bildirilir.
Bu məsələ Avropa üçün xüsusi əhəmiyyət daşıyır. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, avqust ayında Aİ-nin dizel idxalının təxminən yarısı ABŞ-ın payına düşüb.
3. Yaxın Şərqdən neft tədarükü bərpa olunur
Səudiyyə Ərəbistanından neft ixracının daha sabit görünməsi də qiymətlərə əlavə təzyiq göstərir. Bununla belə, Çinin neft məhsulları ixracını məhdudlaşdırması və ABŞ-İran gərginliyinin davam etməsi neft qiymətlərinin 100 dollar həddinə yaxın qalmasına səbəb olan amillər sırasında qalır.
Reuters-in məlumatına görə, 2027-ci il üçün hasilat kvotalarını müəyyənləşdirməli olan qiymətləndirmə prosesi ABŞ və İsrailin İrana qarşı müharibəsinin Yaxın Şərqdə hasilat güclərinin genişləndirilməsi layihələrinə təsiri səbəbindən təxirə salınıb. Qiymətləndirmənin sentyabrın sonundan noyabrın ortalarına keçirildiyi bildirilir.
Bu arada OPEK+ ölkələrinin oktyabrın 4-də keçiriləcək iclasında noyabr ayı üçün hasilat kvotalarının dəyişdirilməyəcəyi gözlənilir. Bloomberg-ə danışan nümayəndələrin sözlərinə görə, Səudiyyə Ərəbistanı və Rusiyanın rəhbərlik etdiyi əsas iştirakçıların mövcud hasilat səviyyəsini qoruması ehtimal olunur.
MONETAR.AZ