Prezident İlham Əliyev “Bakı Metropoliteni” QSC-nin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv olunması haqqında fərmanda dəyişiklik edib.
Monetar.az President.az-a istinadən xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, “Bakı Metropoliteni” QSC-nin fəaliyyət istiqamətləri genişləndirilir. Qurum sərnişin kanat yolları ilə sərnişindaşıma xidmətlərinin göstərilməsini, bu xidmətlərin keyfiyyətinin və təhlükəsizliyinin artırılmasını təmin edəcək.
Bundan əlavə, sərnişindaşıma xidmətlərinin təşkili və gediş haqlarının ödənilməsi sahəsində innovativ və rəqəmsal həllərin tətbiqi, kanat yollarının layihələndirilməsi və tikintisinin həyata keçirilməsi nəzərdə tutulur.
Qurumun maddi-texniki bazasının gücləndirilməsi və müasirləşdirilməsi, xidmətlərin qarşılıqlı inteqrasiyası, onların vahid mərkəzdən idarə olunması və əlaqələndirilməsi də “Bakı Metropoliteni”nin yeni fəaliyyət istiqamətlərinə daxil edilib.